BMT baş katibi Ban Ki-Mun Macarıstan polisinin miqrantlara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə etməsindən dəhşətə gəldiyini deyərək belə rəftarı yolverilməz adlandırıb. BMT baş katibi hadisələrdən şoka düşdüyünü bildirib.
Baki-xeber.com xəbər verir ki, iki gün əvvəl Horgos şəhəri yaxınlığında - Macarıstan-Serbiya sərhədində miqrant və polis arasında toqquşmalar baş verib. Bəzi qaçqınlar polisə daş və su şüşələri ataraq cavab verib. Polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra qaçqınlar arasında gərginlik yaranıb.
Polis Serbiya ilə sərhəddə toplaşmış miqrantları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə sərhədin açılmasını tələb edən bəzi miqrantların polisə qarşı su qabları və daş atmasından sonra baş verib.
İraqlı miqrant Amir Hassan deyir ki, "biz müharibə və zorakılıqdan qaçarkən Avropada bu cür qəddarlıq və qeyri-insani rəftarı gözləmirdik".
Macarıstanın Xarici İşlər Naziri Peter Szijjarto isə bir qrup aqressiv miqrantın macar polisinə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu deyib. O əlavə edib ki, macar polisinin vəzifəsi belə qəddar insanların Macarıstana daxil olmasının qarşısını almaqdır.
Macarıstan hökumətinin məlumatına görə, miqrantlar sərhədi keçməyə çalışarkən 20 polis əməkdaşı xəsarət alıb. Hökumət sözsüçü miqrantları uşaqları "insan qalxanı" kimi istifadə etməkdə günahlandırıb.
Macarıstan çərşənbə axşamı ölkə ərazisinə qanunsuz daxil olanları həbs etməyə imkan verən qanun qəbul edərək Serbiya ilə sərhədi bağlayıb. Gözyaşardıcı qaz və su şərnaqlarının istifadəsindən sonra isə bəzi miqranlar Serbiya təcili yardım xidməti vasitəsi ilə müalicə olunublar. Serbiya əraziyə əlavə polis dəstələrinin göndəriləcəyini bildirib.
Serbiya Xarici İşlər Nazirliyi öz ərazisinə gözyaşardıcı qaz və su toplarından atəş açılması ilə bağlı etirazını bildirib. Serbiya baş naziri Aleksandar Vucic isə Macarıstanı "qəddarlıqda və avropalı olmamaqla" günahlandırıb.
Polis bir uşağı kor etdi
"Amnesty International” Macarıstan polisinin Serbiya sərhədində qaçqınlara müdaxiləsi zamanı dördü uşaq ən az doqquz nəfəri ailələrindən ayırdığını bildirib. Təşkilat gözyaşardıcı qazla müdaxilə edən polisin çaxnaşmaya səbəb olduğunu, biri başından olmaqla 7 uşağın yaralandığını, bir uşağın isə kor olduğunu açıqlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres isə Macarıstan hakimiyyətini müharibələr və təqiblərdən qaçan insanlar üçün "maneəsiz çıxışın" təmin edilməsinə çağırıb.
On minlərlə miqrant Avropa İttifaqının Şengen zonasına üzv ölkələr arasında məhdudiyyətsiz səyahətə icazə verən Macarıstana daxil ola bilib. Macarıstana daxil ola bilməyən 5 mindən artıq miqrant Xorvatiyaya gəlib. Xorvatiya isə ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcəyini bəyan edib.
Son həftələrdə Avropa İttifaqı böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır.