Suriya münaqişəsinin uzanması Azərbaycanı da qaçqın dalğası ilə hədələyir...
.jpg?v=1520254601)

Suriyada böyük güclərin kəskinləşən rəqabəti bu ölkənin hələ müəyyən müddət aktiv qarşıdurma meydanı olaraq qalacağını göstərir. Belə vəziyyət isə Suriyadan hələ bundan sonra da böyük sayda qaçqın axınının olacağını şərtləndirir. Eyni zamanda, münaqişənin miqyasının genişlənəcəyi və bunun bölgədə çoxsaylı yeni qaçqın ordusunun yaranmasına gətirəcəyi proqnozlaşdırılır.
Rusiyada isə xəbərdarlıq edirlər ki, yeni qaçqın axınının əsas istiqamətlərindən biri MDB ölkələri olacaq və bu sırada Azərbaycan da yer alır. Xatırladaq ki, artıq Suriyadan qaçan ermənilərin bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşıb. Amma digər millətdən olan qaçqınların da ölkəmizə üz tutacağına dair proqnozlar verilir.
Bütün bunlara əsas səbəb, yuxarıda qeyd olunduğu kimi, Suriyada Qərb və Rusiyanın kəskinləşən rəqabətidir. Belə bir vaxtda ABŞ Müdafiə Nazirliyi Rusiyanın Suriyada hərbi hava bazası hazırladığını təsdiq edib. Pentaqonun sözçüsü kapitan Ceff Deyvis jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya personalının və təchizatlarının liman Latakiya şəhəri yaxınlığına yerləşdirilməsi aktiv bazanın qurulmasına işarədir. Qərb xəbər agentlikləri adını açıqlamayan ABŞ rəsmisinə istinadən bildirib ki, Rusiya Latakiya yaxınlığındakı hava bazasına ağır artilleriya və 7 ədəd T-90 tankı göndərib. Keçən həftə Pentaqon bildirmişdi ki, Rusiya bu yaxınlarda Suriyaya 200 hərbi dəniz piyadası və 1500 əsgərlik mobil evlə yanaşı, ağır artilleriya, qısa mənzilli raket idarəçisi və təxminən 12 ədəd zirehli maşın göndərib. Bundan əlavə, Rusiyadan Latakiya limanına, həmçinin, iki tankdaşıyan gəmi yan alıb. Buraya göndərilmiş kiçik matros heyəti ilə daha bir təyyarə gəlib.
Rusiyanın bu ərazidə hərbi texnika cəmləşdirməsinin məqsədləri tam aydın deyil, lakin ABŞ rəsmiləri güman edir ki, söhbət hərbi-hava bazasının müdafiəsinin gücləndirilməsindən gedir. ABŞ mənbələri deyir ki, prezident Bəşər Əsədin rejiminə dəstək verən ruslar Latakiya yaxınlığındakı iki bazanı da gücləndirir. Bu da ondan xəbər verir ki, Moskva Suriyaya ən azı 1000 nəfərlik əsgəri qüvvə göndərib. Bu qüvvələr Tartus bazasını müdafiə etmək məqsədilə gətirilib. Həmçinin digər bir diplomatın "Reyters" agentliyinə verdiyi məlumata görə, ərazidə uçuş zolağının da tikinti işləri aparılır: "Yük maşınları gəlir və gedir. Deyəsən, hazırkı uçuş zolağı bəzi tip təyyarələrin enişi üçün nəzərdə tutulmayıb. Yeni tikinti zamanı bu zolaq onların enişi üçün təkmilləşdiriləcək". Bundan əvvəl isə Rusiya dünyanın ən böyük sualtı gəmisini Suriyaya göndərib.
"Dmitri Donskoy" adlı sualtı gəminin Suriyaya göndərilməsi barədə iddianı İsrailin kəşfiyyat orqanı "Mossad"a yaxınlığı ilə tanınan DEBKA internet saytı yayıb. Gəmi 20 ədəd "Bulava SSN30" qitələrarası ballistik raket və 200-dən çox nüvə başlığı daşıyır. Sualtı gəmi 172 metr uzunluğu və 160 nəfər heyət üzvü ilə bu tip gəmilər arasında ən böyükdür.
Qərbi narahat edən əsas məsələ Rusiyanın Suriyaya silah göndərməsinin Bəşər Əsəd hakimiyyətinin mövqeyini möhkəmləndirmə qorxusudur. Bu isə birbaşa münaqişənin həllinin üzanmasına təsir edəcək. ABŞ və Britaniya bildirir ki, Suriyadan qaçqın axınının yaranmasına səbəb Bəşər Əsədin öz xalqına divan tutmasıdır, Moskva isə belə bir rejimə hərbi dəstək verir. Qərb də Əsəd rejimini devirmək üçün güc faktorundan istifadəni istisna etmir. Belə vəziyyət isə, yuxarıda qeyd olunduğu, kimi Suriyadan yeni qaçqın axınının olacağı deməkdir. Bu xüsusda Rusiya Dövlət Dumasında Liberal-Demokrat Partiyası fraksiyasının rəhbəri, partiya sədri Vladimir Jirinovski Suriyada Bəşər Əsəd rejiminin süqutuna hansı səbəblərdən yol verilməməli olduğuna dair maraqlı fikirlər irəli sürüb. Məlumata görə, Jirinovski hazırda iqtisadi müharibənin getdiyini, ancaq neft hasil edən ölkələrin bombalandığını bildirib: "Liviya neft deməkdir, İraq neft deməkdir, Suriya neft deməkdir. Harada neft və qaz yoxdursa, orada sakitlikdir. Suriya əsas mövqe tutur. Yeni qaz və neft kəmərləri bu ölkədən keçməklə Türkiyəyə, oradan isə Avropaya çəkiləcək. Suriya mane olur. Türkiyə ucuz neft və qazda maraqlıdır, o, tranzitçi olacaq. Qətər və Səudiyyə Ərəbistanı isə Avropaya qaz tədarük edəcək, çünki dəniz nəqliyyatı ilə çətindir". Jirinovskinin sözlərinə görə, Suriya Əsəd rejiminin süqutundan sonra dağılarsa, İrana qarşı müharibə başlayacaq: "O zaman qaçqınlar Avropaya və cənuba yox, şimala - Azərbaycan, Ermənistan, Gürcüstan, Şimali Qafqaza axın edəcəklər - orada da hər şey dağılacaq. Daha sonra bu dalğa Rostova, Voronejədək çatacaq. Qərbin məqsədi odur ki, dünya böyük müharibə astanasında olsun. Bunun üçün Yaxın Şərqdə yanğının baş verməsi və milyonlarla qaçqının Avropaya gəlməsi lazımdır. Və qoy avropalılar öz mehmanxana və mənzillərini hazırlasınlar - onlar Yaxın Şərqdən, Afrikadan 200-300 milyon qaçqın qəbul etməlidirlər. O zaman bütün Avropa ölkələrində sağ-radikalçı, nasist, faşist hökumətlər hakimiyyətə gələcək. Britaniya NATO və Avropa İttifaqından çıxacaq. Bax, elə onda Avropada əsl qarışıqlıq başlayacaq. Avropa qalacaq, lakin avropalılar qaçqınlara xidmət edəcək".
Nahid SALAYEV