Hüseyn İbrahimov: “Bu cür məhdudiyyətlər erməni cəmiyyətində Rusiyaya olan nifrəti daha da artırır”
Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağanın miqyası daha da genişlənir. Rusiyada dövlətə məxsus “Çestnıy znak” etiketləmə sistemi “Rospotrebnadzor”un təlimatı ilə Ermənistandan gətirilən 70 min şüşədən çox içməli su və qazlı içkilərin satışını dayandırıb.
Məlumata görə, qadağa “RRR mineral sular zavodu”nun istehsalı olan “Bjni” mineral süfrə suyu, “Vaterlok” ASC-nin istehsalı olan “Prosto Azbuka” təbii içməli suyu, “Darbas” ticarət markasının istehsalı olan “Moxito” alkoqolsuz qazlı içkisinə tətbiq edilib. Hazırda "Rospotrebnadzor" tərəfindən göstərilən partiyaların pərakəndə və onlayn kanallarda satışı bütün lazımi yoxlamalar başa çatana qədər qadağandır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, görünən odur ki, Rusiya bütün iqtisadi təzyiq rıçaqlarını Ermənistana qarşı işə salmaqdadır: “Bundan əvvəl siyasi təzyiqlər ön planda idi. Məqsəd o idi ki, parlament seçkilərində Rusiyapərəst qüvvələrin qələbəsini təmin etmək. Rusiyanın bununla bağlı böyük maliyyə və digər resursları işə salmasına baxmayaraq, Moskvanın planları fiaskoya uğradı. Hətta Kremlin siyasəti ona gətirib çıxartdı ki, erməni cəmiyyətində tərəfsiz olanlar belə Paşinyana səs verdilər. Ona görə də Rusiya parlament seçkilərindən sonra həm Paşinyan hakimiyyətini, həm də erməni cəmiyyətini cəzalandırmaqdan ötrü ard arda Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət tətbiq edir. Moskvada yaxşı bilirlər ki, Ermənistanın aqrar məhsullarının əsas bazarı Rusiyadır. Yaxşı bilirlər ki, bu bazarı digəri ilə qısa müddətdə əvəz etmək mümkünsüzdür. Avropa İttifaqı Ermənistana bununla bağlı güzəştlər etsə də logistika və digər amillər səbəbindən həmin məhsulları ora daşımaq asan olmayacaq. Ümumilikdə, hələ ki, Ermənistanın Rusiyadan asılılığı böyükdür. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın sistemli hal alan iqtisadi məhdudiyyətləri Ermənistanda əks nəticə verir. Bu cür məhdudiyyətlər erməni cəmiyyətində Rusiyaya olan nifrəti daha da artırır. Yəni deməzdim ki, bu, Rusiyaya rəğbəti artırır. Bəli, fermerlərin məsullarını sata bilməməsi ölkədə müəyyən narazılığa səbəb olur. Ancaq ümumilikdə bu, Ermənistanı Avropa, ABŞ-la daha da yaxınlaşdırır. Bu da bütövlükdə Paşinyanın maraqlarına uyğundur. Başqa bir tərəfdən, Ukrayna ilə gedən müharibə Rusiyanın Ermənistana daha güclü siyasi-hərbi təzyiqlər göstərməsinə imkan vermir”.
Vidadi ORDAHALLI