Ukrayna son həftələrdə Rusiyanın elektron ticarət nəhəngi Wildberries-ə məxsus 30 paylama mərkəzindən 15-ni hədəfə aldıqdan və onlardan 12-sini tamamilə istifadəyə yararsız hala saldıqdan sonra Moskva cavab hücumlarını ən yüksək səviyyəyə çıxarıb.
Rusiya ordusu gecə ərzində Ukrayna ərazisində 24 İskəndər-M ballistik raketi, 4 Zirkon/Oniks gəmi əleyhinə raketi və 115 hücum dronu da daxil olmaqla, ümumilikdə 143 hava silahından istifadə edərək genişmiqyaslı birləşmiş bombardman həyata keçirib.
Analitikləri və hərbi ekspertlər Rusiyanın şəhər ərazilərini və mülki infrastrukturu məhv etmək üçün 9M723K1/5 İskander-M raketlərində parçalanma başlıqlarından istifadə etdiyini bildiriblər. Havada partlayan və geniş ərazilərə mərmilər atan bu raketlər Kiyev, Brovari və ətraf bölgələrdə genişmiqyaslı dağıntılara səbəb olub. Ukrayna Hərbi Hava Qüvvələri 98 PUA-nı vurduğunu iddia etsə də, buraxılan bir dənə də olsun ballistik raketin qarşısını ala bilməyib.
Bu isə artıq Ukraynanın ABŞ istehsalı olan “Patriot” (PAC-3) hava hücumundan müdafiə raketləri ehtiyatının tamamilə tükəndiyini göstərir. Ukrayna lideri Zelenski Qərb müttəfiqlərinə sursat üçün təcili müraciətinə baxmayaraq, Vaşinqtondan mənfi xəbərlər gəlib.
7-8 iyul tarixlərində Ankarada keçirilən NATO Zirvə Toplantısında Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya vəd edən ABŞ prezidenti Donald Trampın verdiyi sözdən geri çəkildiyi bildirilir. ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib ki, “Patriot” raketlərinin ixrac və istehsal hüquqları ciddi şəkildə nəzarətdədir və Ukraynaya yerli istehsal üçün lisenziya verilməsi ilə bağlı heç bir razılaşma yoxdur.
Məsələ ilə tanış olan şəxslər isə “Financial Times” qəzetinə bildiriblər ki, Tramp ötən həftə Ağ Evdə keçirilən görüşdə Prezident Zelenskinin “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı tələbini rədd edib.
Mənbələr bildirib ki, Tramp qərarını ABŞ-ın məhdud sayda raketinin olması ilə əsaslandırıb və əlavə edib ki, raketlər hazırda İranla münaqişə fonunda Yaxın Şərqdəki Amerika obyektlərini və ABŞ-ın bölgədəki müttəfiqlərini qorumaq üçün özlərinə lazımdır.
Tahir TAĞIYEV