Müxalifətdəki “Güclü Ermənistan” parlament fraksiyasının lideri Narek Karapetyan parlamentin tribunasından ilk çıxışında bildirib ki, son illər ölkə üçün ağır sınaqlar dövrü olub: "Ölkəmiz son səkkiz ildə kifayət qədər çətin bir dövr keçirib: bir neçə müharibə, sosial gərginlik və ciddi iqtisadi stress görmüşük". Onun sözlərinə görə, “Güclü Ermənistan”ın əsas motivasiyası ölkənin gələcəyi ilə bağlıdır: "Tariximizin son min ilində - təxminən 700 ildə - ilk dəfə olaraq ermənilər öz gələcəklərini müəyyən edirlər. Yəni burada erməni xalqının siyasi düşüncəsi işləyir".
Karapetyan qeyd edib ki, partiya 1920-ci ildə Birinci Ermənistan Respublikasının müstəqillik təcrübəsini diqqətlə öyrənib: "Biz belə bir nəticəyə gəlmişik ki, əgər erməni siyasi düşüncəsi partiya mənsubiyyətindən asılı olmayaraq düzgün işləsəydi, daha güclü dövlətimiz və tamamilə fərqli miqyaslı bir ölkəmiz olardı". O əlavə edib ki, bu gün erməni xalqı yenidən oxşar çətinliklərlə üzləşir, lakin fərqli bir tarixi kontekstdə: "Növbəti bir-iki ildə ölkəmiz bir sıra çətinliklərlə üzləşəcək. Birincisi, ölkənin inkişafı və həmvətənlərimizin Bakı həbsxanalarından qayıtması üçün əsas olan Azərbaycanla sülh müqaviləsidir". O, eyni zamanda daha bir məsələnin həllinin vacibliyini vurğulayıb: sülh müqaviləsinin bir hissəsi olaraq Azərbaycanın Ermənistanda demoqrafik mövcudluq üçün şərait yaratmasının qarşısını almaq. O, Azərbaycanda "Qərbi Azərbaycan" anlayışı ilə bağlı açıqlamalara istinad edib: "Bu, həyəcan təbili çalmaq deyil. Orada yeni milli ideologiya formalaşır. Biz artıq əvvəlki milli ideologiyanın nəticələrini görmüşük". Onun sözlərinə görə, Ermənistan siyasi düşüncəsinin məqsədi eyni zamanda "demoqrafik cəhətdən təhlükəsiz Ermənistan"ı təmin etməklə yanaşı, sülhə nail olmaq olmalıdır. Karapetyan həmçinin kənd sakinlərinin problemlərini həll etmək və Türkiyə ilə sərhədləri açmaq zərurətindən danışıb. Lakin Türkiyənin Adana şəhərinin “Ermənistan Respublikasının bir hissəsi” olduğunu da iddia edib.
Tahir TAĞIYEV