ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinin 2026-cı ildə başlaması gözlənilir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, son bir il ərzində Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində etimad quruculuğu istiqamətində mühüm addımlar atılıb. Bu addımlar sırasında Ermənistana və Ermənistandan daşınan yüklər üçün Azərbaycan ərazisindən keçidə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana neft məhsullarının çatdırılması yer alır.
C.Bayramov qeyd edib ki, ötən il Vaşinqton Sülh Sammiti zamanı təqdim olunan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.
“Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Layihə ABŞ ilə Ermənistan arasında həyata keçirilir. Lakin onun giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşdiyi üçün Amerika tərəfi mütəmadi olaraq bizi layihənin gedişi barədə məlumatlandırır”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırlıq mərhələsinin başa çatmasından sonra 2026-cı ildə həmin hissədə tikinti işlərinə başlanacağı gözlənilir.