Azərbaycan və İsveçrə arasında siyasi dialoq dinamik şəkildə davam edir, tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib.
Nazir bildirib ki, təkbətək və geniş tərkibli görüşlərdə Azərbaycan-İsveçrə ikitərəfli münasibətləri, iqtisadi əməkdaşlıq, Azərbaycan-ATƏT gündəliyi, regiondakı postmünaqişə vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, tərəflər siyasi dialoqun intensiv saxlanılmasının vacibliyini bir daha vurğulayıblar.
“Biz mütəmadi olaraq beynəlxalq tədbirlər çərçivəsində görüşür, müzakirələr aparır, vaxtaşırı telefon danışıqları keçiririk”, – deyə nazir bildirib.
C.Bayramov xatırladıb ki, bu ilin aprelində Bakıda iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib və həmin formatın illik əsasda davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir qeyd edib ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq və bu tarix əməkdaşlığın nəticələrini və gələcək perspektivlərini müzakirə etmək üçün əlavə imkan yaradacaq.
C.Bayramovun sözlərinə görə, iki ölkə arasında hazırda 25 hüquqi sənəd qüvvədədir, bir sıra yeni sənədlər isə hazırlanır.
Nazir bildirib ki, 2025-ci ildə Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi təxminən 1,8 milyard ABŞ dolları təşkil edib.
“Son 30 ildə İsveçrə Azərbaycana 1,6 milyard, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb”, – deyə o vurğulayıb.
C.Bayramov əlavə edib ki, hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib, onlardan 87-si fəal fəaliyyət göstərir. Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində çalışırlar.
Nazirin sözlərinə görə, bu ilin payızında Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır. Həmçinin komissiyanın iclası çərçivəsində və ya ona yaxın tarixdə biznes forumunun təşkili də məqsədəuyğun hesab edilir.
Enerji sahəsində əməkdaşlığa toxunan C.Bayramov SOCAR-ın İsveçrədə uzun illərdir uğurla fəaliyyət göstərdiyini xüsusi qeyd edib.