Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti-yə bildirib ki, Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı konsensus tələb edəcək.
"KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası 11 noyabrda Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensus yolu ilə veriləcək" – deyə Vasilyev bildirib.
Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində dövlət vətəndaşlarının kvota üzrə vəzifələrə namizədlik hüququnun, eləcə də təşkilatın orqanlarında səs vermək hüququnun iki il ərzində təşkilatın büdcəsinə borcların ödənilməsi öhdəlikləri yerinə yetirilmədiyi halda dayandırılması ehtimalı yer alır.
"De-fakto, bu vəziyyət iki ildən çoxdur ki, davam edir, çünki Ermənistan vətəndaşlarını Katiblikdə kvota vəzifələrinə namizəd göstərmir və KTMT-nin Birgə Qərargahından nümayəndələrini geri çağırıb" – deyə o, bildirib.
Ermənistan KTMT-dəki iştirakını 2024-cü ildə dondurub. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Tahir TAĞIYEV