Azər Həsrət: “KTMT-nin üzvü olaraq Ermənistanın NATO ilə yaxınlaşması haqlı olaraq sual doğurmalıdır”
Ermənistanın NATO ilə keçirdiyi birgə hərbi təlimlər yenidən Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev NATO-nun Ermənistanı təşkilatdakı müttəfiqlərindən uzaqlaşdırmağa çalışdığını bəyan edib.
Onun sözlərinə görə, bu məqsədlə, xüsusilə, Ermənistanla keçirilən birgə hərbi təlimlərdən istifadə olunur. Diplomat hesab edir ki, belə kurs Ermənistanın təhlükəsizliyi və suverenliyinin uzunmüddətli maraqlarına cavab vermir. Vasilyev həmçinin vurğulayıb ki, regionun çoxəsrlik tarixi erməni xalqının təhlükəsizliyinin əsas təminatçısının kim olduğu sualına özü cavab verir.
Diqqəti çəkən məqam odur ki, Ermənistanla bağlı qarşıdurma həm də NATO məsələsində özünü göstərməkdədir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Azər Həsrətin fikrincə, əlbəttə, KTMT-nin üzvü olaraq Ermənistanın NATO ilə yaxınlaşması haqlı olaraq sual doğurmalıdır: “Çünki KTMT NATO-ya qarşı, bu alyansa alternativ olaraq qurulub. Təbiidir ki, bu təşkilat Rusiyanın “arxa bağçasıdır”. Yəni belə bir təşkilat faktiki olaraq Rusiyanın maraqlarına xidmət edir. Onun üzvü olan Ermənistanın, yaxud da ki Qazaxıstanın, Qırğızıstanın maraqlarına xidmət etmir. Demək istədiyim odur ki, bu baxımından Rusiya haqlı görünə bilər. Lakin bir şeyi də unutmamalıyıq, artıq Rusiyada istənilən şəxs anlamalıdır ki, onlar bundan sonra öz kirli burunlarını harasa soxmamalıdılar. O cümlədən də Ermənistanın daxili işlərinə və müstəqil seçimlərinə müdaxilə etməməlidilər. Ermənistan Rusiyadan uzaqlaşma yolu tutubdur, KTMT ilə məsafəli davranır. Artıq xeyli müddətdir Ermənistan faktiki olaraq o qurumdan uzaqlaşıb. Ona görə də Ermənistan NATO-ya doğru gedirsə, Ermənistan buna qarışmamalıdır. Yəni demək istədiyim odur ki, Rusiya Ermənistanın başına vuraraq xatırladır. Xatırladır ki, Ermənistan kimə minnətdar olmalıdır. Ermənilər bunu başa düşür, lakin onu da anlayırlar ki, ermənilər Rusiya üçün xammaldan başqa bir şey deyil. Bunu anladıqlarına görə Rusiyadan uzaqlaşırlar. Özləri üçün daha uyğun bir istiqamət seçiblər. Bu istiqamətin seçilməsi də həmişə Rusiyanı narahat edib. Hesab edirəm ki, Ermənistanın seçiminə Rusiyanın kobud müdaxiləsi qəbuledilməzdir. Hər bir dövlətin suveren hüquqları var. O cümlədən də, istər hərbi, istər qeyri-hərbi birliklərlə iş birliyi məsələsində. Ermənistan da özünün suveren hüquqlarından istifadə edir. Əvvəl belə idi ki, hər məsələdə Moskva ilə hesablaşırdılar, Kremldən icazə alırdılar. İndi bunların hamısı bitib. Çünki Rusiya adlı şər imperiyası çöküş ərəfəsindədir. Hətta Ermənistan kimi cırtdan bir dövlət belə, Rusiyanı saymır”.
Vidadi ORDAHALLI