Əli Orucov: “Rusiyanın Ermənistan dəmir yollarına göstərdiyi laqeyd münasibət siyasi amillərlə bağlıdır”
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunmasına son qoymaq niyyətində olduqlarını bəyan edib.
Paşinyan bu məqsədlə beynəlxalq hüquqi mexanizmlərə, o cümlədən arbitraj məhkəməsinə müraciət edə biləcəklərini bildirib. Baş nazir vurğulayıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi dövlətin mülkiyyətidir və ölkə həmin infrastrukturu öz maraqlarına uyğun şəkildə idarə etmək hüququna malik olmalıdır: “Bu, bizim mülkiyyətimizdir və Ermənistan Respublikası bu dəmir yolundan istədiyi kimi istifadə edə bilməlidir. Bu məsələdə çox aydın olmaq istəyirəm: bunun alternativi yoxdur. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Lakin fikir ayrılığı yaranarsa, məsələni arbitraj qaydasında həll etmək üçün hüquqi addımlar atacağıq”.
O, qeyd edib ki, dəmir yolu şəbəkəsinin hazırkı idarəetmə modeli Türkiyə və Azərbaycanın gələcəkdə Ermənistan ərazisindən tranzit imkanlarından daha geniş istifadə etməsinə mane olur. Paşinyanın sözlərinə görə, bu səbəbdən şəbəkənin idarəçiliyi Rusiyaya məxsus olmayan başqa bir şirkətə həvalə edilməlidir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın dəmir yolu məsələsində belə qətiyyətli mövqedən çıxış etməsi təsadüfü deyil: “Problem ondadır ki, Rusiya müxtəlif bəhanələrlə dəmir yolları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Halbuki, 2008-ci ilin fevralında müqavilə imzalanarkən Rusiya Ermənistan dəmir yollarını modernləşdirəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdü. Ancaq ötən 18 il ərzində Rusiya bunları etmədi. Artıq Azərbaycanla Ermənistan arasında sülh gündəliyi mövcuddur. Bu səbəbdən Azərbaycan üzərindən Ermənistana yüklər daşınır. Lakin Qazax-İcevan dəmir yolu bərbad gündə olduğu üçün yüklər Gürcüstan üzərindən Ermənistana daşınır. Rusiyanın Ermənistan dəmir yollarına göstərdiyi laqeyd münasibət siyasi amillərlə bağlıdır. Rusiya Ermənistanın Qərblə yaxınlaşmasından narazı olduğu üçün bu məsələyə laqeyid yanaşır. Üstəlik, Rusiya Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Halbuki, bu dövlətlər Avrasiya İqtisadi İttifaqında təmsil olunurlar. Ona görə də Paşinyan qərarlı şəkildə Rusiyanın üzərinə gedərək dəmir yol şəbəkəsini geri almağa çalışır. Buna cavab olaraq isə Rusiya rəsmiləri Ermənistanı hədələyir. Rusiya dəmiryollarının baş direktoru Oleq Belozerov bəyan edib ki, əgər İrəvan Rusiya dəmiryollarının törəmə şirkəti Cənubi Qafqaz Dəmiryolları ilə razılaşmaya xitam versə, 2008-ci ildən Rusiya şirkətinin ölkəyə yatırdığı bütün investisiyaları qaytarmalı olacaq. Bütün bunlar bir daha Rusiyanın əsil simasını ortaya qoyur. Ancaq hesab edirəm ki, Moskvanın təhdid və təzyiqləri nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI