Turan Rzayev: “Bu tipli zərbələr həm o ölkənin sosial-iqtisadi vəziyyətinə təsir edə, ən çox da sadə vətəndaşlar bundan zərər görə bilər”
ABŞ və İsrail münaqişə başlayandan bəri İranın enerji obyektlərinə qarşı ən böyük bombardmanlardan birini həyata keçirməyi düşünürlər.
CBS News mənbələrinə görə, elektrik stansiyaları və neft emalı zavodları nəzərdən keçirilən potensial hədəflər arasındadır. ABŞ administrasiyası hücumların ABŞ və digər iqtisadiyyatlara təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən qlobal maliyyə bazarları bazar ertəsi günü yenidən açılmadan əvvəl əməliyyatın yekunlaşdırılmasını müzakirə edir, lakin son tarix müəyyən edilməyib. Əməliyyatın bu həftə sonu keçirilməsi nəzərdə tutulur.
Amerika mənbələri bildirib ki, İsrail mümkün hərəkətlər barədə məlumatlandırılıb və addımlarını Vaşinqtonla əlaqələndirir. Lakin ABŞ prezidenti Donald Tramp hələlik əməliyyatın başlanması ilə bağlı yekun qərar verməyib.
ABŞ və İsrail İranın neft zavodlarına, elektrik stansiyalarına və körpülərə eyni anda zərbələr vursa nə baş verər?
Politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, ABŞ və İsrailin eyni anda İranın elektrik stansiyalarına, neft müəssisələrinə və digər strateji məntəqələrinə zərbə endirməsi ssenarisi əslində praktiki olaraq artıq icra edilib: “ Yəni, faktiki olaraq həm o 12 günlük müharibədə, həm sonrakı gərginliklərdə və son bir neçə həftə ərzində də faktiki olaraq Amerika tərəfindən bu zərbələr həyata keçirilib. Əslində bu tipli zərbələr quru əməliyyatları başlanğıcında, ya da ehtimalları üzərində olur. Görünür, Vaşinqton bununla İrana mesaj vermək istəyir ki, artıq son mərhələdir və quru əməliyyatlarına başlanıla bilər”.
T.Rzayevin fikrincə, ABŞ-ın İrana qarşı quru əməliyyat keçirib keçirməyəcəyini zaman göstərəcəkdir. “Amma əlbəttə bu tipli zərbələr həm o ölkənin sosial-iqtisadi vəziyyətinə təsir edə, ən çox da sadə vətəndaşlar bundan zərər görə bilər. Çünki hazırkı dönəmdə qeyd olunan məsələlər neft müəssisələridir, zavodlardır, elektrik müəssisələridir. Bu tipli obyektlərin sıradan çıxarılması həyatı iflic edir, insanların standartlarını aşağı salır və dövlətin özünə də zərər vurur. Yəni bu tipli məsələ daxildə sosial narazılıqları da artırır. Dövlətin özünün də imkanlarını zəiflədir. O baxımdan hesab edirəm ki, Amerika da məqsədyönlü şəkildə bu zərbələri endirir”-deyə T.Rzayev vurğuladı.
İradə SARIYEVA