İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərq ölkələrini ABŞ-ın İrana qarşı hücumlarına mümkün yardıma görə məsuliyyət daşımaqda ittiham edib. Bu açıqlama İran naziri ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığı zamanı verilib. Tərəflər regiondakı hadisələri müzakirə ediblər. Əraqçinin sözlərinə görə, "İrana düşmən olan ABŞ və İsrailin hər hansı bir təcavüzü və ya regional ölkələrin iştirakı və köməyi güclü İran silahlı qüvvələri tərəfindən qətiyyətli və mütənasib cavabla qarşılanacaq".
"Bu cür ehtiyatsız hərəkətlərə bütün sonrakı nəticələrlə birlikdə tam məsuliyyətlə cavab veriləcək. İslam Respublikası öz suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini müdafiə etməyə tam hazırdır", - Əraqçi bildirib. İran Ordusunun Mərkəzi Qərargahının (Xatəm əl-Ənbiya) komandanı general-mayor Əli Əbdüllahi də şənbə günü regional ölkələrə müraciət edərək, onları ABŞ ilə yaxınlaşmamaq barədə xəbərdar edib. Mesajda bildirilirdi ki, ABŞ "bölgədə müharibəni qızışdırmaq yolunu getdikcə daha çox izləyir". İranın yüksək rütbəli hərbi rəsmisi bu yanaşmanı "bölgədə genişlənməyə və qanunsuz hökmranlığa yönəlmiş təhlükəli strategiyanın" bir hissəsi adlandırıb. "Müsəlman ölkələri uzaqgörənlik nümayiş etdirməli və ABŞ ilə əməkdaşlığını və müttəfiqliyini yenidən nəzərdən keçirməlidirlər. Əks təqdirdə, ABŞ-ın cinayətkar və təcavüzkar hərəkətlərini ört-basdır edən hər hansı bir ölkə müharibə alovunda yandırılacaq", - deyə Əbdüllahi xəbərdarlıq edib. SAMİRƏ