Türkiyə, ABŞ-ı cəlb etməklə, İsrailin kürd qrupları vasitəsilə İranda üsyan qaldırmaq planının qarşısını alıb. Ankara həmçinin Tehranı kürd qruplarına hücum etməmək barədə xəbərdar edib və diqqəti İsrail təhdidinə yönəldib.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz ötən ayın əvvəlində İranın keçmiş dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edib. Səfər zamanı İran prezidenti Məsud Pazeşkian Türkiyəyə İsrailin kürd qrupları vasitəsilə İranın qərbində silahlı üsyanı qızışdırmaq planının qarşısını almaqda göstərdiyi dəstəyə görə təşəkkür edib.
Bildirilir ki, Ankara ABŞ-ın yüksək vəzifəli rəsmilərinə İsrailin Baş naziri Netanyahu tərəfindən hazırlanmış bu planın qeyri-real olduğunu və Türkiyənin milli təhlükəsizliyini təhdid edə biləcəyini çatdırıb.
ABŞ prezidenti Donald Tramp, Türkiyənin Suriyadakı təcrübəsindən sonra, sərhədində yeni bir kürd qurumunun yaranmasının qarşısını almaq üçün məsələyə müdaxilə edib. Türkiyə İsrailin planına qarşı İran rejimini dəstəkləməklə yanaşı, həm də İran və İraqdakı kürd qruplarına qarşı hərbi əməliyyatların dayandırılmasını tələb edib. Məlumata görə, Ankara Tehrana İranın bu qruplara artan təzyiqinin onların İsraillə daha sıx əlaqələr qurmasına səbəb ola biləcəyi ilə bağlı narahatlığını bildirib.
Digər tərəfdən, ABŞ və İsrailin bu ilin əvvəlində İraq Kürdüstan Regional Hökuməti (İKRH) ilə İrana qarşı silahlı üsyan planını müzakirə etdiyi, lakin Ərbil administrasiyasının bu təşəbbüsü qəbul etmədiyi iddia edilir.
Tahir TAĞIYEV