Qırğızıstan Mərkəzi Asiya ölkələrini ziyarət etmək istəyən əcnəbi vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi təşəbbüsü ilə çıxış edib.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən "Mərkəzi Asiya – Azərbaycan" qeyri-rəsmi Məşvərət görüşündə deyib.
"Ümid edirəm ki, bu təşəbbüs həmkarlarım tərəfindən dəstəklənəcək. Təklif edirəm ki, dövlətlərimizin xarici siyasət qurumlarına razılaşdırılmış mövqelərin hazırlanması istiqamətində işi fəallaşdırmaq tapşırılsın. Qırğızıstan Respublikası Türkmənistanın Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Respublikasının iştirakı ilə keçirilən məşvərət görüşləri formatında həyata keçirdiyi əlaqələndirici fəaliyyəti yüksək qiymətləndirir. Türkmənistan Prezidentinə 2026-cı il oktyabrın 8-də Avaza şəhərində keçiriləcək növbəti – səkkizinci Məşvərət görüşündə iştirak etmək üçün dəvətə görə minnətdarlığımı bildirirəm. Qırğızıstan tərəfi sammitin uğurla keçirilməsinə öz töhfəsini verməyə hazırdır", – deyə o bildirib.