Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər. Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən "Mərkəzi Asiya – Azərbaycan" qeyri-rəsmi Məşvərət görüşündə deyib.
"Münasibətlərimizin möhkəm təməlini mədəni yaxınlıq, ortaq tarix və xalqlarımız arasında ənənəvi əlaqələr təşkil edir. Turizm sahəsində əməkdaşlığın böyük potensialı var. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun tarixi abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təqdim edə bilər", – deyə o bildirib.
Japarov qeyd edib ki, son illərdə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni məzmun qazanıb.
"Dövlət sərhədləri ilə bağlı prinsipial əhəmiyyət daşıyan tarixi razılaşmalar əldə olunub. Regional əməkdaşlığın möhkəmləndirilməsinin mühüm nəticələrindən biri dövlətlərimizin beynəlxalq arenada bir-birini qarşılıqlı dəstəkləməsidir. Qırğızıstan Respublikasının 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasında namizədliyinin dəstəklənməsinə görə sizə səmimi minnətdarlığımı bildirirəm.
Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının BMT-yə üzv dövlətlərə ünvanlanan müraciətinin qəbul edilməsi regional həmrəyliyin və ölkəmizə göstərilən mühüm dəstəyin parlaq təzahürü oldu. Qırğızıstan Respublikası bu mühüm beynəlxalq platformadakı fəaliyyəti çərçivəsində regionun ümumi maraqlarını təşviq edəcək. Birgə fəaliyyətimizin əsas istiqamətlərindən biri nəqliyyat əlaqələrinin inkişafıdır. Ölkələrimiz strateji əhəmiyyət daşıyan dəmir yolu, avtomobil yolu, aviasiya və multimodal layihələri həyata keçirirlər. Bu istiqamətlər arasında uzlaşmanın və qarşılıqlı tamamlayıcılığın təmin edilməsi vacibdir. İri infrastruktur layihələri sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisi də yer alır", – deyə o vurğulayıb.