ABŞ NATO-un Ankara sammitində alyansda inqilabi dəyişikliklərini nəzərdə tutan plan təqdim etməyə hazırlaşır. Britaniyanın "The Telegraph" qəzetinin məlumatına görə, onun maliyyələşdirmə tələblərini yerinə yetirməyən üzvlərin cəzalandırılmasını hədəfləyən ABŞ prezidenti Tramp, ittifaqı "şirkət" düşüncəsi ilə idarə etməyə hazırlaşır.
Yeni modelə görə, müdafiə xərcləri ödəməyən ölkələr qərar qəbuletmə proseslərindən kənarlaşdırılacaq və hətta 5-ci maddədə nəzərdə tutulan tələblərdən məhrum ediləcək.
Tramp müttəfiq ölkələrin ÜDM-nin ən azı 5%-ni müdafiəyə ayırmasını istəyir. Bu hədəfə çatmayan ölkələr ittifaqın genişlənməsi, birgə missiyalar və qarşılıqlı müdafiə öhdəlikləri ilə bağlı səs hüquqlarını itirəcəklər.
"Ödəniş etmirsinizsə, gələcək xərclərlə bağlı səsvermədə iştirak etməməlisiniz. Avropalılarla bağlı məyusluğumuz çox realdır. Təhdidlərin nədən ibarət olduğu və alyansın nə etdiyi barədə dialoqa başlamalıyıq. İspaniya və Böyük Britaniyanın etdiklərinin qəbuledilməz olduğu mesajını verməliyik.
Britaniya ilkin 2% hədəfinə çatsa da, müdafiə xərclərini artırmaqda çətinlik çəkir. Britaniya hazırda NATO-nun 13 müttəfiqindən müdafiəyə daha az xərcləyir" – deyə ABŞ administrasiyasından bir mənbə bildirib.
NATO-nun baş katibi Mark Rutte təsdiqləyib ki, müdafiə xərclərilə bağlı yeni hədəflər bu ilin sonlarında Ankarada keçiriləcək sammitdə müzakirə olunacaq. Hazırkı 2% həddinin 5%-ə qaldırılması planı, xüsusilə xərclərini artırmaqda çətinlik çəkən Britaniya və İspaniya kimi ölkələri hədəf alır. Həmçinin iddia edilir ki, Tramp Avropanın Yaxın Şərqdəki münaqişələri və Hörmüz boğazının təhlükəsizliyini dəstəkləmədiyi üçün ABŞ-ı ittifaqdan tamamilə çıxarmaqla hədələyir.
Trampın gündəliyi təkcə büdcə məsələsi ilə məhdudlaşmır. İddia edilir ki, prezident Amerika qoşunlarını Almaniyadan tamamilə çıxarmağı da ciddi şəkildə nəzərdən keçirir.
Tahir TAĞIYEV