Züriyə Ruslanqızı: “Bu yanaşma beynəlxalq ictimaiyyətdə və xüsusilə ABŞ siyasi dairələrində İranla bağlı təhlükə qavrayışını gücləndirməyə xidmət edir”
İsrailinin baş naziri Benyamin Netanyahu deyib ki, İran ABŞ-ı məhv etmək istəyir. Netanyahu yaxşı bilir ki, İranın belə gücü yoxdu və ola bilməz. Belədə o bu sözləri niyə deyir? Ola bilərmi, ABŞ-ı İrana qarşı daha aqressiv müharibəyə təhrik etmək və Amerikada Trampdan narazı düşməkdə olan ictimai kəsimi inandırmaq istəyir ki, Tramp İrana qarşı hər şeyi düz edir?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, Benyamin Netanyahu kimi siyasətçilərin çıxışlarında İranın ABŞ üçün “ekzistensial təhlükə” kimi təqdim edilməsi təkcə hərbi reallığın təsviri deyil, həm də siyasi kommunikasiya strategiyasıdır. “İran faktiki olaraq ABŞ kimi qlobal gücü birbaşa məhv etmək imkanına malik deyil, lakin Tehran uzun illərdir anti-Amerika ritorikasından istifadə edir və regionda ABŞ maraqlarına qarşı fəaliyyət göstərən aktorları dəstəkləyir. Netanyahu bu ideoloji qarşıdurmanı maksimum dərəcədə dramatik formada təqdim etməklə İranı yalnız İsrail üçün deyil, bütövlükdə Qərb sistemi üçün təhlükə kimi göstərməyə çalışır. Bu yanaşma beynəlxalq ictimaiyyətdə və xüsusilə ABŞ siyasi dairələrində İranla bağlı təhlükə qavrayışını gücləndirməyə xidmət edir”.
Z.Ruslanqızı qeyd etdi ki, digər tərəfdən bu tip bəyanatlar ABŞ daxilində siyasi müzakirələrə də təsir göstərmək məqsədi daşıya bilər. O, vurğuladı ki, İsrail rəhbərliyi Vaşinqtonun İran siyasətinin sərt qalmasında maraqlıdır və buna görə də Tehranı qlobal təhlükə kimi təqdim etmək ABŞ ictimaiyyətində və siyasi elitasında daha aqressiv xəttə dəstək formalaşdırmaq üçün istifadə olunan arqumentlərdən biridir. “Bu kontekstdə İranın ABŞ üçün birbaşa təhlükə kimi təsvir edilməsi həm Vaşinqtonun hərbi-siyasi mövqeyini sərtləşdirməyə təkan vermək, həm də ABŞ daxilində İranla bağlı sərt siyasəti müdafiə edən dairələrin arqumentlərini gücləndirmək məqsədi daşıyan siyasi mesaj kimi qiymətləndirilə bilər”-deyə Z.Ruslanqızı bildirdi.
İradə SARIYEVA