Abutalıb Səmədov: “Trampın İrana qarşı üç-dörd həftədən artıq hərbi əməliyyatlar aparmaq imkanı yoxdur”
ABŞ Prezidenti Donald Tramp “Daily Mail” qəzetinə müsahibəsində İrana qarşı əməliyyatın təxminən dörd həftə və ya daha az müddətə başa çatacağını bildirib. “Biz bunun təxminən dörd həftə çəkəcəyini düşündük. Bu, həmişə təxminən dörd həftəlik bir proses olub, ona görə də əməliyyatın mürəkkəbliyinə baxmayaraq, dörd həftə və ya daha az vaxt aparacaq", - deyə Tramp qeyd edib.
Tramp deyib ki, İranda müharibə üç-dörd həftəyə yekunlaşdırılacaq.
Buna nə qədər inanmaq olar? Və ya Tramp yekunlaşdırmaq deyəndə nəyi nəzərdə tutub?
“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, hərbi əməliyyatlar ərəfəsində Tramp İrana qarşı aviazərbələrin həftələrlə davam edəcəyini demişdi, indi isə üç-dörd həftə müddət qoyub. “Tramp onu da bəyan edib ki, Bayden bu gün ABŞ-a lazım olan silahları, raketləri havayı Ukraynaya verib və ABŞ hazırda o raketlərə çox böyük ehtiyac hiss edir. Həqiqətən də ABŞ-ın göndərdiyi yardımlar, təbiidir ki, satdığı silahlar bu gün ambarların kifayət qədər boşalmasına gətirib çıxarıb. Buna görə də İranla müharibəni uzun müddət aparmaq mümkünsüzdür. Hətta bu müharibəni üç-dörd həftə aparmaq üçün də müttəfiqlərin silahlarına ehtiyac yarana bilər. Nəticədə Ukrayna bu müddətdə Amerika silahları almayacaq, hətta Avropa da ola bilsin ki, əsas diqqəti həm də ABŞ-ın İranda keçirdiyi əməliyyatlara yönəltsin. Bu səbəbdən Trampın İrana qarşı üç-dörd həftədən artıq hərbi əməliyyatlar aparmaq imkanı yoxdur. Yəqin ki, üç-dörd həftə ərzində İrandakı rejimi dəyişəcəyinə ümid edir. Əgər rejim dəyişikliyinə nail ola bilməsə bu Trampın məğlubiyyəti kimi qiymətləndiriləcək və onun nüfuzuna ciddi şəkildə təsir göstərəcək”.
A.Səmədovun fikrincə, bir şey aydındır ki, İranda müəyyən obyektlərin darmadağın oldunduğunu, müəyyən vəzifəli şəxslərin öldürüldüyünü söyləməklə ABŞ-ın qalib gəldiyini bəyan etmək mümkün olmayacaq.
“Əvvəlcədən də élan oldunduğu kimi əsas hədəf İranda rejimi dəyişmək, yaxud ən azı İranın ABŞ-ın təklif etdiyi şərtləri qəbul etməsidir. Əgər bunlar mümkün olmasa Tramp qalib sayılmayacaq. Və başa çatan hərbi əməliyyatlar ABŞ-ın məğlubiyyəti kimi qiymətləndiriləcək”-deyə A.Səmədov vurğuladı.
İradə SARIYEVA