İrandakı hadisələr Ermənistan üçün təhlükə mənbəyidir. Müharibə şəraitində sülh dövründə məqbul olan tamamlayıcılıq siyasəti artıq kifayət deyil. Ölkə strateji və sivilizasiya inkişaf vektorunu dəqiq müəyyənləşdirməlidir. Belə bir açıqlama ilə erməni iqtisadçı, Alternativ Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan çıxış edib.
Onun sözlərinə görə, Ermənistanın ötən il iqtisadi artımının təxminən yarısı İrana elektrik enerjisi ixracından əldə edilib: "Mövcud vəziyyəti nəzərə alsaq, təkcə mövcud həcmlər deyil, həm də bütün perspektivli enerji layihələri risk altındadır. Bu, Ermənistanın enerji təhlükəsizliyi və ümumilikdə investisiya təhlükəsizliyi üçün real təhdiddir". Manaseryan həmçinin demoqrafik risklərə də toxunub: "Ermənistanın əhalisi İranın əhalisi ilə müqayisədə azdır, ona görə də hətta qısamüddətli İran turist axını iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərib - insanlar mənzilləri kirayəyə verib, alıcılıq qabiliyyətini artırıb. İndi isə əks proses gözlənilir: İrandan qaçqın və siyasi mühacir axınının artması. Son iki-üç ildir ki, Amerika vizaları üçün növbədə gözləyən iranlıların sayı ermənilərdən daha çoxdur. Bu proses daha da güclənəcək". O qeyd edir ki, demoqrafik risklər maliyyə sisteminə və istehlak bazarına birbaşa təsir edəcək.
Bundan əlavə, Ermənistan dramı Ukraynadakı münaqişənin başlanğıcından bəri 20%-dən çox bahalaşıb və güclənməyə davam edir. Eyni zamanda, qiymətlər, xüsusən də zəruri malların qiymətləri artır. Rəsmi istehlak qiymətləri indeksi 4% ətrafında qalır, lakin yaşayış minimumunun real artımı daha nəzərə çarpacaq. Manaseryan xəbərdarlıq edib ki, bunlar iqtisadi inkişafa mənfi təsir edir. Manaseryan xüsusilə Ermənistanın nəqliyyat və kommunikasiya təhlükəsizliyini vurğulayıb. Qeyd edib ki, bu, münaqişədən birbaşa təsirlənəcək bir məsələdir.
Ramil QULİYEV