Ramil Məmmədli: “Qəzzada yaradılmış “Sülh Şurası”nın bənzərinin Ukraynada yaradılmasını real hesab etmirəm”
ABŞ hakimiyyəti Ukraynada atəşkəs haqqında gələcək razılaşmanın icrasını nəzarətdə saxlamaq üçün Qəzzada yaradılmış “Sülh Şurası”nın bənzərinin yaradılması imkanlarını müzakirə edir. Bu məlumatı “Financial Times” yayıb.
Qəzet Vaşinqtonla danışıqlarda iştirak edən yüksək vəzifəli Ukrayna rəsmisinə istinadən, Ukrayna üçün təklif olunan “Sülh Şurası”nın Rusiyanın xüsusi hərbi əməliyyatına son qoymağa yönəlmiş təkliflərin əsas hissəsi olduğu və şuraya Ukrayna, Avropa, NATO və Rusiyadan nümayəndələrin daxil olacağını yazır. Onların sülh planının yerinə yetirilməsinə nəzarət edəcəyi bildirilib.
Maraqlıdır, Trampın Ukrayna ilə bağlı bu təklifi nə dərəcədə realdır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Trampın Ukrayna ilə bağlı bənzər planının həyata keçəcəyi real deyil: “Ən azından ona görə ki, Rusiya bunu qəbul etməyəcək. Çünki Rusiya istənilən xarici dövlətin sülhməramlı mandatı altında Ukraynada mövcudluğuna qarşı çıxır. Bunu öz milli təhlükəsizliyi üçün təhdid hesab edir. Bu qüvvələrin Ukraynada mövcudluğunu, hansısa ad altında NATO qüvvələrinin mövcudluğundan fərqləndirmir. Ona görə də hesab edirəm ki, Qəzzanı Ukrayna ilə eyniləşdirmək, bənzər mexanizmləri tətbiq etmək doğru deyil. Tramp çox şey deyə bilər, bir sıra təkliflərlə çıxış edə bilər. Lakin bu, o deyil ki, sözügedən planlar həyata keçiriləcək. Biz bir məqamı unutmamalıyıq ki, Rusiya-Ukrayna müharibəsinin kökündə NATO-nun şərqə doğru genişlənməsi dayanır. Ukraynanın NATO-ya üzv olmağı qarşısına məqsəd qoyması belə vəziyyətin yaranmasına səbəb oldu. Dörd ildir iki ölkə arasında qanlı müharibə gedir, Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib. Ona görə də Qəzzada yaradılmış “Sülh Şurası”nın bənzərinin Ukraynada yaradılmasını real hesab etmirəm. İstənilən vəziyyətdə Rusiya buna qarşı çıxacaq”.
Vidadi ORDAHALLI