Qulamhüseyn Əlibəyli: “Səbəb o ola bilər ki, Putin Trampın qəzəbindən çəkinir”
Çox maraqlıdır, Moduronun ABŞ əsgərləri tərəfindən oğurlanın həbs edilməsindən günlərdir keçsə də Putin şəxsən indiyə qədər bu məsələyə bir kəlmə belə publik və ya başqa formada münasibət bildirməyib.
Niyə? Halbuki, Venesuela Rusiya ilə çox yaxın münasibətlərə malik olmaqla yanaşı, hətta əməliyyatlarda vaqnerçilərin də öldürülməsinə dair məlumat var. Bununla yanaşı, 2025-ci ilin mayında Maduro Moskvadakı qələbə paradında iştirak etdi. Həmin vaxt Venesuela ilə Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Bu bir. İkincisi, ötən ilin oktyabrında Rusiyanın TU-160 strateji təyyarələri dəstək üçün Venesuelaya getdi. Üçüncüsü, Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev demişdi ki, Rusiyanın verdiyi qırıcı təyyarələr istənilən hücumun qarşısını ala bilər. Hanı bəs?
Bütün bunlardan sonra Putin Maduronun həbsinə niyə susqunluqla yanaşır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Putinin susqunluğu bir neçə səbəblə əlaqəli ola bilər: “Bir səbəbi odur ki, Maduro həbs edilsə də əvvəlki rejim Venesuelada qalmaqdadır. İki ölkə arasında əlaqələr qırılmayıb. Digər səbəb o ola bilər ki, Rusiya bununla dünyanın bölüşdürülməsinə razılıq verir. Putin fikirləşir ki, Trampın beynəlxalq hüququ pozması onun işinə yarayır. O da istədiyini Ukraynada və digər ölkələrdə edə bilər. Bununla Rusiya ABŞ-ın Latın Amerikasında fəaliyyət azadlığını tanıyır. Əvəzində ABŞ Rusiyanın Ukraynada işğalının genişlənməsini görməzdən gəlir. Ondan sonra ABŞ guya Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada hərəkət azadlığını tanıyacaq. Bu, həmin Putindir ki, 25 il əvvəl prezident Corc Buşla görüşəndə Ukraynanı süni dövlət adlandırıb. Digər səbəb o ola bilər ki, Putin Trampın qəzəbindən çəkinir. Yəni bu zaman ABŞ hakimiyyəti Ukrayna məsələsində daha sərt mövqe tuta, bu ölkəni silahlandıra bilər. Bu isə Rusiyanı daha çətin vəziyyətdə qoya bilər. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın hazırda Venesuelada baş verən hadisələri dəyişmək imkanı da yoxdur”.
Vidadi ORDAHALLI