Firdovsi Şahbazov: “Ermənistanın bunda məqsədi siyasi dividendlər əldə etməkdir”
İraqın Baş nazirin nəqliyyat üzrə müşaviri Nasser Əl-Əsədi bildirib ki, Oman və Ermənistan “İnkişaf Yolu” layihəsinə qoşulmaq üçün rəsmi müraciətlər təqdim ediblər.
O qeyd edib ki, layihə beynəlxalq səviyyədə geniş maraqla qarşılanır: “İraq hökuməti hesab edir ki, qonşu ölkələr "İnkişaf Yolu" layihəsinin bir hissəsi olmalıdır. Qətər, BƏƏ və Türkiyə layihəni dəstəkləməyə hazır olduqlarını bildiriblər. Ermənistanın İraqdakı səfiri həmçinin ölkəsinin Ermənistan sənayesi üçün azad zonanın yaradılması və İraq və regionla ticarət mübadiləsi vasitəsilə layihənin bir hissəsi olmaq arzusunu ifadə edib”.
Maraqlıdır, Ermənistan bu layihəyə necə qoşulmaq fikrindədir? Ermənistanın sözügedən layihədə nə kimi rolu ola bilər ki?
“Erməni şirkətləri bu layihədə podratçı olaraq iştirak edə bilərlər”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın İraqda bu layihəyə qoşulması daha çox siyasi dividendlər qazanmağa hesablanıb: “Hamıya məlumdur ki, Ermənistan donor ölkə deyil. Ən azından ona görə ki, bu ölkənin özünün xarici yardımlara ehtiyacı var. Ötən dövr ərzində Qərb ölkələri Ermənistana milyardlarla yardım ediblər. İndinin özündə də yardımlar edilir. Sadəcə, Ermənistan bəzi ərəb ölkələri ilə olan ənənəvi münasibətlərindən çıxış edərək bu layihəyə qoşulduğunu bəyan edib. Ermənistanın bunda məqsədi siyasi dividendlər əldə etməkdir. Yəni ərəb ölkələri görsünlər ki, Ermənistan belə bir xeyirxah təşəbbüslə qoşulub. Rəsmi İrəvan bu minvalla varlı ərəb ölkələrindən daha çox sərmayə cəlb etməyə çalışır. Çünki son dövrlər BƏƏ-nin bu ölkədə sərmayə qoyuluşu artmaqdadır. Məsələnin digər tərəfi onunla əlaqəli ola bilər ki, Ermənistan şirkətləri bu layihədə podratçı olaraq iştirak edə bilərlər. Hesab edirəm ki, erməni tərəfinin İraqda "İnkişaf Yolu" layihəsinə qoşulması həm də bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, İraq böyük neft ölkəsidir. Səddam rejimindən sonra ölkədə mövcud olan qeyri-sabitlik, daha sonra İŞİD bəlası ölkədə böyük dağıntılara səbəb olub. Ona görə də ölkənin yenidən qurulmasına, infrastrukturun bərpasına ciddi ehtiyac var”.
Vidadi ORDAHALLI