Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olublar.
Həmin vaxt 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçidən ibarət heyət Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının yol infrastrukturu potensialı ilə əyani tanış olublar.
O vaxt bu prosesdən özünü kənarda qoyanlardan biri Fransa oldu. Eyni zamanda Fransa Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda bəzi dipolmatlarının da bu səfərdən yayınmasına ciddi cəhdlə çalışdı. Bütün bunlar onun göstəricisi idi ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhə qarşıdır və bu işə başqalarını da alət etmək istəyir. Hər halda, “Frankfurter Allgemeine Zeitung” alman nəşrində dərc olunan “İrəvandakı tənha xilaskar” sərlövhəli məqalə də bunu təsdiq edir. Parisin bəzi pərdəarxası hərəkətləri açıqlanan materialda Fransa xarici işlər naziri Ketrin Kolonnanın Avropa İttifaqını “qətiyyətlə” Ermənistanın tərəfini tutmağa fəal şəkildə məcbur etdiyi qeyd olunur.
Qəzet yazır ki, Kolonna Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbokun da onunla birgə İrəvana getməsinə nail olmağa çalışıb. Məqalədə deyilir ki, fransızların fikrincə, Berlin və Parisin Ermənistana münasibətdə siyasət məsələsində vahid cəbhə olaraq çıxış etmələri olduqca vacibdir, bununla da bütün Avropa Şurası üçün vahid istiqamət müəyyən ediləcək. Almaniyanın yüksəkvəzifəli mənbələri nəşrin redaksiyasına təsdiq ediblər ki, həqiqətən Fransa Xarici İşlər Nazirliyindən İrəvana birgə səfər haqqında təklif daxil olub, lakin Berlin onu qəbul etməyib. Beləliklə, Paris Berlini öz təxribatına alət edə bilmir. Amma özü regionda təxribatı davam etdirir. Bu xüsusda Rusiyanın “Sputnik” portalı yazır: “Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirilirdisə, artıq bu proses rəsmi şəkil alacaq. İrəvanda səfərdə olarkən Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir. O bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb. Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. Ketrin Kolonna Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil edilməsi təklifini də irəli sürüb”. Kolonnanın “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı öhdəliklərini yerinə yetirməyib” bəyanatı da təxribatdan başqa heç nəyə xidmət etmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq buna münasibət bildirib və qeyd edib ki, Fransanın məsuliyyətdən danışmağa haqqı yoxdur: “Fransa məsuliyyətdən danışa bilməz. Xatırladım ki, Fransa Ukrayna ilə bağlı Minsk razılaşmalarının zəmanətçisi və dövlət sponsor idi. Amma biz sonra Fransanın keçmiş prezidenti Fransua Olanddan nə eşitdik? Eşitdik ki, onlar bu razılaşmaları icra etməyə hazırlaşmırmışlar. Mən Ketrin Kolonnanın yerində olsaydım, zəmanət və məsuliyyət barədə susardım”. Rusiya XİN sözçüsü ölkəsinin Qarabağ məsələsini nizamlanmasında çox işlər gördüyünü xatırladıb: “Bəs Fransa, Brüssel, bütün Avropa İttifaqı nə iş görüb? Vaşinqtona bu trekdə müraciət etməyin artıq faydası yoxdur. Sözdən və sonsuz piar aksiyadan başqa dünya ictimaiyyətinə təqdim etmək üçün nəsə konkret fəaliyyətləri varmı? Onlar Ermənistan rəhbərliyini Praqa və Brüsseldə inandırıblar ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə məsələni unutsunlar. Bunun nəticəsi isə hazırki böhran oldu”. Zaxarova Brüsselin bütün məsuliyyəti öz üzərindən ataraq Moskvanı qaralamağa çalışdığını vurğulayıb. O, İrəvan, Bakı və Moskva arasında əldə olunan bütün üçtərəfli razılaşmaların Avropa İttifaqı ölkələrindəki sammitlərlə əvəz olunmasına görə məsuliyyəti Brüsselin daşıdığını qeyd edib.
Beləliklə, Fransa Cənubi Qafqaz regionunda gedən proseslərə müdaxilə etmək niyyəti güdür. Parisin Ermənistanı himayə etməsi, onu silahlandırması, sülh danışıqlarına zərbə vurma cəhdlərinin kökündə də bu niyyət dayanır. Fransanın destruktiv yanaşması Ermənistana əsassız ümidlər verir. Avropa Siyasi Birliyinin Praqada keçirilən görüşündə danışıqlar masasında oturmağa müvəffəq olsa da, prezident Emmanuel Makronun planları Moldovada iflasa uğradı. Almaniya kanslerinin Moldovadakı iştirakı Fransa prezidentinin planlarını pozdu. Ardınca Azərbaycanın Qranada görüşündən imtinası Fransanı daha çətin vəziyyətə saldı. Görünən budur ki, Fransa Cənubi Qafqaz bölgəsində də hər hansı nüfuz əldə edə bilməyəcək. Ona görə də Ermənistan da kənar dəstəklərə arxalanmaqdansa, sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir. Fransadan ona heç bir kömək olmayacaq.
Tahir TAĞIYEV