Məlum olduğu kimi, Almaniyanın "Politico" nəşrinin yaydığı məlumata görə, sentyabrın 17-də İstanbulda Birləşmiş Ştatlar, Avropa İttifaqı və Rusiyanın vəzifəli rəsmiləri Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyat ərəfəsində bəyan edilməmiş təcili görüş keçiriblər.
Əsas məqsəd Ermənistandan Qarabağa göndərilən yardımların ora buraxılması üçün Azərbaycana mümkün təzyiqin müzakirəsi olub.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən görüşü təsdiqləyib, müzakirələrinsə deyildiyi kimi olmadığını bildirib: “Təmaslar olub, lakin nəşrin materialında qeyd olunan danışıqlar olmayıb. Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub, təbii ki olub, amma bu, orada yazılan danışıqlar deyil”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da Qarabağda antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib. Zaxarova bunun gizli olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, Azərbaycanın keçirdiyi antiterror əməliyyatlarından əvvəl İstanbulda bu görüşün keçirilməsi hansı məqsəd güdürdü?
“Görüşdə antiterror tədbirlərinin qarşısını ala bilməmələri ciddi nəticədir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın sözlərinə görə, məlum görüş ABŞ və Avropa İttifaqının təşəbbüsü ilə olub: “Rusiyanı görüşə dəvət etmələri təsadüfi deyil. Onlar Rusiyanın təsir imkanlarını nəzərə alaraq Moskva ilə təmas qurublar. Məqsəd o olub ki, Rusiya vasitəsilə Azərbaycana təsir edib Laçın yolunu açsınlar. Anlaşılan odur ki, Qərb Rusiyanın imkanlarından da istifadə etməklə Ermənistanı qorumağa çalışıb. Əfsuslar olsun ki, Qərbin timsalında biz bunu müşahidə edirik. Xüsusən də Fransa bu yöndə daha çox canfəşanlıq edir. Deməyim odur ki, onlar mümkün olanda diplomatik vasitələrlə örtülü oynayırlar, mümkün olmayanda isə açıq oynayırlar. Əsas məsələ isə Ermənistanı himayə etmək və qorumaqdır. Həmçinin, regionda Ermənistandan forpost kimi istifadə etmək və onu saxlamaqdır. Əsas məqsəd bunlardır. Ancaq belə görünür ki, İstanbulda öz məqsədlərinə çata bilməyiblər. Xüsusən də, antiterror tədbirlərinin qarşısını ala bilməmələri ciddi nəticədir. Azərbaycan tərəfinin də haqlı arqumentləri var. Azərbaycan tərəfi hesab edirdi ki, Laçın yolu ölkənin suverenliyi pozulmadığı halda açıla bilər. Ermənistanın, yaxud da Avropa İttifaqının, digər dövlətlərin istəyi, diqtəsi ilə bu məsələlər həll olunmur. Azərbaycan iradə ortaya qoyaraq öz məqsədinə nail ola bildi. Ancaq kollektiv Qərb tərəfindən yenə də ayrıseçkilik edilir, ikili standartlar ortaya qoyulur. Yəni Ermənistana daha çox diqqət göstərilir və bu dövləti himayə edirlər. Düzdür, burada Paşinyan faktoru da var. Qərb bütün vasitələrlə çalışır ki, Paşinyan hakimiyyətini qorusun, dayaqlarını möhkəmləndirsin. Ancaq bu o demək deyil ki, Azərbaycanın suveren hüquqlarını görməzdən gəlməlidilər. Hesab edirəm, bu yolverilməzdir və Qərb bunu da anlamalıdır. Hər halda, 30 il ərazisi işğal altında qalan, 1 milyon əhalisi qaçqın və məcburi köçkün olan ölkə bizik. Çox təəssüf ki, biz Qərbin, ABŞ-ın, Fransanın indi ermənilərə göstərdiyi diqqəti, qayğını ötən 30 ildə görmədik. Ən ciddi çıxardığımız nəticələrdən biri də budur. Ona görə biz də öz tərəfimizi müəyyən etməliyik, bizə önəm verən ölkələrlə əməkdaşlıq qurmalıyıq”.
Vidadi ORDAHALLI