Bildiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə edilən terror hücumu ilə bağlı müxtəlif ölkələrdən reaksiyalar gəldi, bu qanlı hadisəyə görə molla rejimini qınadılar. Əlbəttə, burada söhbət diplomatik missiyaya qarşı terrordan gedir ki, buna bütün dünya reaksiya verməlidir.
Bəs Tehranda səfirlik terrorundan sonra BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclası niyə çağırılmadı?
Şübhəsiz, əslində təcili iclas çağırılmalı idi. Bu baxımdan BMT TŞ-nın susqunluğu narahatlıq doğurur.
“Görünür, gözləyirlər ki, Fransanın, ABŞ-ın, yaxud Rusiyanın səfirliyinə qarşı belə bir terror hadisəsi baş versin və yalnız bundan sonra bu məsələ yüksək instansiyada müzakirə olunsun”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri son dövrlər artmaqdadır. “Çox təəssüf ki, Azərbaycan bu sahədə qabaqcıl mövqedədir. Artıq bir neçə dəfə Azərbaycanın səfirliklərinə hücumlar olub və çox təəssüf ki, bu hücumlara lazımı, zəruri reaksiya verilməyib. İrandakı terror da bu laqeyd münasibətin nəticəsidir. Əvvəlcədən bunu proqnozlaşdırmaq, əlbəttə ki, mümkün idi və Azərbaycan dünyanın diqqətini buna yönəltmək üçün əlindən gələni etdi. İranda terror çağırışları ilə məşğul olan insanlara qarşı heç bir tədbirin görülməməsi son nəticədə qan tökülməsinə gətirib çıxarmalı idi. Təəssüf ki, o qədər də ciddi olmayan məsələlər barədə uzun-uzadı müzakirələr keçirən BMT Təhlükəsizlik Şurası bu məsələyə lazımı diqqəti göstərmir. Nəzərə almır ki, bu gün Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı sabah onları da gözləyir. Azərbaycan bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıra bilərdi. Təbii ki, bunun üçün kanallar mövcuddur və bu kanallardan istifadə edib məsələni TŞ-da müzakirəyə çıxarmaq olar. Ancaq Azərbaycan istəməsə də, zəruri saymasa da, yaxud həmin kanalları işə salmaq istəməsə də, BMT TŞ-nın daimi üzvləri bu məsələni mütləq müzakirəyə çıxarmalıdırlar. Bir neçə dəfə Laçın dəhlizini müzakirə edən və sənəd qəbul etməyə çalşan BMT Təhlükəsizlik Şurası bu cür təhlükəli bir hadisəyə, terror aktına hələ ki, heç bir reaksiya vermir. Görünür, gözləyirlər ki, Fransanın, ABŞ-ın, yaxud Rusiyanın səfirliyinə qarşı belə bir terror hadisəsi baş versin və yalnız bundan sonra bu məsələ yüksək instansiyada müzakirə olunsun. Çox təəssüf ki, bu cür hadisələr birinci dəfə baş vermir. Çox təəssüf ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq qurumları bəzən çox əhəmiyyətsiz məsələləri şişirdikləri halda, çox ciddi məsələlər barədə danışmamağa üstünlük verirlər. Elə bu günlərdə Azərbaycan Prezidentinin BMT-də və ilk növbədə BMT TŞ-da dəyişikliklər edilməsi barədə təklifinin kökündə də bu durur”.
A.Səmədov hesab edir ki, BMT və onun Təhlükəsizlik Şurası dünyada baş verən proseslərə adekvat reaksiya verə bilmir. A.Səmədov qeyd edir ki, yalnız onların maraqlarına uyğun olan məsələlər müzakirəyə çıxarılır, bəzən çox əhəmiyyətsiz məsələlər günlərlə müzakirə olunur: “Çox təəssüf ki, günümüzün reallığı budur. Ümid edək ki, dünya Azərbaycan Prezidentinin son təklifinə ciddi yanaşacaq və BMT TŞ-nın tərkibini genişləndirmək barədə yollar axtaracaq”.
İradə SARIYEVA