İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı davam etməkdədir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verərək etibarsız qonşu olduğunu nümayiş etdirir.
Bununla yanaşı, adıçəkilən ölkə terror hadisəsi törətməkdən də çəkinmir. 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən səfirliyinə belə bir silahlı terror hücumu oldu.
Məlumdur ki, ölkəmizdə radikal dindarlar, İranın tərəfində olan çoxlu sayda şəxs var. Məlum terror hadisəsindən sonra Azərbaycanda çadra ilə bağlı böyük fəallıq göstərənlər, Qasım Süleymaninin şəkillərini gəzdirənlərin səsləri çıxmadı. Maraqlıdır, bu onların da vətəni deyilmi? Niyə terrora qarşı mövqe ortaya qoymadılar?
“Hicab və digər məsələlərlə bağlı ölkədə radikal qruplar müəyyən vaxtlarda meydana çıxıb, özlərini göstəriblər, ancaq…”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müstəqillik illərindən sonra Azərbaycanda din pərdəsi altında ideoloji təbliğat yayıldı: “Hicab və digər məsələlərlə bağlı ölkədə radikal qruplar müəyyən vaxtlarda meydana çıxıb, özlərini göstəriblər. Həmin şəxslər bağlı olduqları müctəhidlərin fətvası ilə ortaya çıxıb, onların dediyinə əməl ediblər. Onu da deyim ki, bu gün ibadət edən şəxslərin böyük əksəriyyəti təqlid sistemi üzrə namaz qılır. Təqlid o deməkdir ki, guya namaz qılan, oruc tutan, ibadət edən şəxs mütləq bir din aliminə bağlı olmalıdır. O alimdə ayətulla olmalıdır. İslamda bu yoxdur, İranın kəşfidir. Azərbaycan və digər dövlətlərdə belə ayətullahlar olmadığı üçün hamı onlara tabe olmalıdır. Məlumat üçün deyim ki, ölkəmizdə çalışan molla və axundların bir qismi həmin ayətullahlara bağlıdır. Həmçinin, həmin şəxslər lazım gələndə, qorxu məqamında özlərini gizlədirlər. Əməldə, siyasi baxışlarında gizli olaraq İran ideologiyasını dəstəkləyir. Bu səbəbdən də həmin şəbəkə heç vaxt İran əleyhinə, üzdə də olsa, səsini çıxarmayacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda radikal dindarlar kifayət qədərdir. Onların sayının azalması üçün təcili şəkildə müəyyən işlərin görülməsinə ehtiyac var.
Günel CƏLİLOVA