Məlum olduğu kimi, keçən həftənin axırlarında molla rejiminin icazəsi və “xeyir-duası” ilə Tehranda ermənilərin iştirakı ilə “Arsax blokadadan çıxarılsın” şüarı altında aksiya keçirilib. Ermənilərin aksiyasına nə polis müdaxilə edib, nə də aksiyaçılara xəbərdarlıq edən olub.
Onlar sərbəst şəkildə Tehran küçələrinə axışaraq öz absurd fikirlərini bəyan ediblər. Bu hadisə özü də Azərbaycanın Tehrandakı Səfirliyinə qanlı terror hücumunun ardınca baş verib. Necə deyərlər, bir tərəfdən səfirliyimizə, beynəlxalq qanunlara görə ölkəmizin ərazinə terror hücumu ediblər, zabitimizi şəhid ediblər, o biri tərəfdən də Tehran küçələrini ermənilərin ixtiyarına veriblər ki, çıxın nə istəyirsiz edin. Bu, ermənipərəstliyin və Azərbaycan düşmənçiliyinin son həddidir.
Ermənilərə dünyanın gözü qarşısında Tehran küçələrində niyə aksiya üçün şərait yaradıldı?
“...İran dibi görünməyən bir uçuruma doğru gedir”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə bildirdi ki, molla-fars rejimi ermənilərə dəstək verməkdən qalmır. “Çox təəssüf ki, özünü İslam dövləti elan etməsinə baxmayaraq, İran əli müsəlmanların qanına batmış ermənilərə və Ermənistana ən müxtəlif formalarda verdiyi dəstəyi davam etdirir. Azərbaycan səfirliyinə terror hücumunun olduğu dövrdə eyni zamanda Tehranda “Artsax blokadadan çıxarılsın” şüarı ilə ermənilərin aksiyasına icazə verilməsi də İranın bu yanlış siyasəti davam etdirməkdə israrlı olduğunu göstərir. Bu ölkə bu gün qondarma və saxta “erməni soyqırımı” ilə bağlı ən çox “abidə”nin olduğu müsəlman ölkəsidir. Məhz bu ölkəyə 2019-cu ilin fevralında səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşdə cəsarət tapıb “Ermənistan Respublikası və Artsax Respublikasının (Qondarma “DQR” nəzərdə tutulurdu – müəl.) ələ keçirilməsini kimsənin düşünməsinə icazə verməyəcəyik. Çünki Ermənistan Respublikasının vətəndaşları, Artsax Respublikasının (Qondarma “DQR” nəzərdə tutulurdu) qürurlu vətəndaşları – böyük Tiqranın nəvələriyik” –demişdi.
2020-ci ildə Azərbaycanın işğal edilmiş əraziləri azad etməsi uğrunda apardığı Vətən müharibəsindən və Ermənistanın ağır məğlubiyyətindən sonra İranda yaşayan ermənilərin “məzlum xalq” təbliğatlarını aparmaları üçün məhz İranda münbit şərait yaradılmışdı”.
E.Kəlbizadənin qeyd etdiyinə görə, saxta “soyqırımı” hadisələrinin ildönümünün qeyd olunduğu 2021-ci ilin aprel ayında İranda müxtəlif aksiyalar keçirmişdilər. “İranda təşkil olunan aksiyalarda nəinki saxta “soyqırımı” anılmış, hətta vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş oyuncaq hərbi xunta rejiminin mundar əsgi parçasından fərqlənməyən “bayrağı”nı əks etdirən maskalar taxılmışdı. Halbuki 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün apardığı müharibə zamanı ölkənin müxtəlif şəhərlərində azərbaycanlılar tərəfindən keçirilən “Qarabağa dəstək” aksiyalarının qarşısı alınmışdı.
Son baş verən hadisələr isə İranın qonşu dövlətlər, xüsusən müsəlman dünyasında olan-qalan etibarını da məhv edir. Ermənilərə gen-bol şərait yaradan, “şir” adlandırdıqları İranı aparıb Ermənistan kimi siçanın quyruğuna bağlayan İbrahim Rəisi hökuməti hazırki rejimin son akkordlarını vurur. Bu ölkədəki sağlam siyasi qüvvələr tamamilə sıxışdırılıb, geridönüşü olmayan bir yola girilib, İran dibi görünməyən bir uçuruma doğru gedir”-deyə E.Kəlbizadə bildirdi.
İradə SARIYEVA