Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bu hadisəni şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Dövlət başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərksilah etdiyini bildirib. Prezident İlham Əliyev, terrorçu tərksilah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.
Dövlət başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Göründüyü kimi, ölkə başçısı istintaqın obyektiv aparılmasını tələb edir. Çünki bunun üçün tam əsas var. İlk andan İran məsələnin əsl mahiyyətini təhrif etməyə başladı və terror versiyasını kənara qoymaqla, diqqəti cinayətin, guya məişət zəminində baş verdiyi versiyasına yönəltmək istəyir. İran nəyi gizlətməyə çalışır və istintaqın obyektiv aparılması üçün birgə istintaq qrupunun təşkilinə zərurət varmı?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran tərəfi törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini, onun meydanını kiçiltmək niyyəti ilə baş verən hadisəni məişət zəmnində törədilən bir cinayət kimi qələmə verir: “Amma əslində bu, orada ictimai təhlükəsizliyi pozmaq, bizim soydaşlarımız arasında vahimə yaratmaq və yaxud Azərbaycan hakimiyyət orqanları, beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə törədilən bir cinayətdir. Bu bizim Cinayət Məcəlləmizdə və beynəlxalq normalara görə terrorçuluq adlanır. Bu tək adamın işi deyil. Həyata keçirilən bu qanlı olay transmilli, mütəşəkkil cinayətkarlığın ağır növüdür və məqsədli şəkildə törədilib. Burada iştirakçıların sayı çoxdur, öncədən planlaşdırılmış şəkildə həyata keçirilib. Azərbaycan hökuməti İranda olan səfirliyimizin təhlükəsizliyi ilə bağlı bir neçə dəfə İran rəhbərliyinə müraciətlər ünvanlayıb. Orada bizim vətəndaşlarımızın beynəlxalq normalara ehtiva edilən diplomatik korpusların təhlükəsizliyini və toxunulmazlığını təmin etmək birmənalı şəkildə İran dövlətinin üzərinə düşdüyünə görə, bizim müraciətimiz çox əsas idi. Amma o müraciətə baxmayaraq, qarşı tərəf heç bir tədbir görmədi və nəticəsinin də şahidi olduq. İran prezidentinin bizim Prezidentimizə müraciətində olan bəzi açıqlamalar da bizi o qədər qane etmədi. Prezident İlham Əliyev bu törədilmiş terror aktını şiddətlə qınadı, bu aktın hərtərəfli açılacağına, cinayətkarların hər birinin layiqli cəzalarını alacağına ümidvar olduğunu onun nəzərinə çatdırdı. Həmçinin ölkə Prezidenti istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğuladı və qeyd etdi ki, burada səfirliyi müdafiə edən əməkdaşların əliyalın şəkildə terrorçunun üzərinə hücumu həmin o mühafizəçinin qorxmazlığından, əzmkarlığından və çevik hərəkətlərindən xəbər verir”.
Ekspert hesab edir ki, bu mövzuda başqa məsələlər də var: “Mən düşünürəm ki, İran tərəfi də hadisə ilə bağlı cinayət işi başlayıb. Onlar qeyd etmişdilər ki, məişət zəminində törədilib. Əvvəla, məişət zəminində törədilən cinayətin bu şəkildə hazırlıqlı olması qeyri-mümkündür. Respublika Dövlət Təhlükəsizlik Xidməti də Cinayət Məcəlləsinin terrorçuluğa uyğun müvafiq maddələri ilə cinayət təqibinə artıq rəvac verib. Burada hər iki tərəfdən peşəkar hüquqşunasların, kriminoloqların və istintaqçıların birgə qrupu yaranmalıdır. Və hər iki tərəf həmin istintaqın obyektiv, ədalətli, şəffav şəkildə araşdırılmasını təmin etməlidirlər. Əgər bu olmasa, o zaman istintaq bir tərəfli, səthi, qeyri - obyektiv, yalnız İran tərəfini qane edəcək bir şəkildə aparılmasının şahidi olacağıq. Nə biz bununla razı olacağıq. Nə də onların həyata keçirdiyi istintaq tədbirləri qüvvədə olan və İranın da qoşulduğu hamılıqla tanınan beynəlxalq normalara zidd olaraq həyata keçirilmiş sayılacaq. Buna bütövlükdə həm də İran tərəfinin prosessual təfəkkürünə uyğun yanaşılacaqsa və qərar qəbul ediləcəksə, bu, iki ölkə arasında olan sərinliyi bir az da dərinləşdirəcək və əhatə dairəsini genişləndirəcək. Ona görə də, ikitərəfli, birgə, peşəkar istintaq qrupunun yaradılmasının tərəfdarıyam ki, hər iki tərəfə də istintaqın doğrudan da ədalətli aparılacağı bəyan olsun”.
Məhəmmədəli QƏRİBLİ