
İranın terror aktının ailə zəminində olmasını iddia etməsi absurddur. Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır", - deyə o əlavə edib.
Nazir müavini deyib ki, İrandakı anti-Azərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib.
“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı. Həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib, - deyə o, əlavə edib.