Belə görünür ki, Rusiya arrtıq erməni diaspor təşkilatlarının “Arrsax”la bağlı icazəsiz aksiya keçirən üzvlərini cəzasız qoymaq istəmir. Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının başçısı Masis Nazaryana qaşrı cinayət işi başlanıb.
Məsələ ondadır ki, yanvarın 23-də Yekaterinburqda Müqəddəs Karapet kilsəsi yaxınlığında onlarla insanın iştirak etdiyi “Artsax” sakinlərinə dəstək aksiyası keçirilib. Onlar Ermənistan və qondarma rejimin “bayrağ”ı ilə yanaşı, “Ani-Ermənistan”ın da bayrağını açıblar. Məhz buna görə Yekaterinburqun erməni icmasının rəhbəri icazəsiz mitinq təşkil etdiyinə görə məsuliyyətə cəlb edilib. Artıq M.Nazaryanla bağlı iş məhkəməyə gedib. Polis onu bildiriş vermədən kütləvi tədbir təşkil etməkdə ittiham edir. O, İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. M.Nazaryan 2003-cü ilin yanvarından Sverdlovsk vilayətindəki “Ani-Armeniya” erməni icması ictimai təşkilatının idarə heyətinin sədridir.
O da məlumdur ki, əvvəl də buna bənzər icazəsiz aksiyalar olurdu. Ancaq nədənsə, Rusiyanın müvafiq qurumları bunu görməzdən gəlirdilər. Bunu edənlər cəzalandırılmırdı. Lakin indi vəziyyət dəyişib. Maraqlıdır, bunun səbəbi nə ilə bağlıdır?
“İki ölkə münasibətləri yoluna düşən kimi, Moskva separatçıların bu kimi icazəsiz aksiyalarını görməzdən gələcək”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Rusiyanın bu kimi addımları nisbidir: “Bunun səbəbi onunla bağlıdır ki, son vaxtlar Rusiya və Ermənistan arasında münasibətlərdə ciddi soyuqluq müşahidə olunur. Düzdür, iki ölkə arasında yaranan soyuqluq yeni deyil. Ancaq müəyyən səbəblərdən son dövrlər bu daha da kəskinləşib. Söhbət ondan gedir ki, Ermənistanda anti-Rusiya isteriyası müxtəlif səviyyələrdə getdikcə güclənir. Rusiya müxtəlif rəsmi şəxslərin timsalında buna etiraz etsə də, bir nəticə yoxdur. Bu arada Ermənistanın təkidi ilə Avropa İttifaqının sərhədə müşahidə missiyası göndərməsi Kremli daha da qəzəbləndirib. Bu o deməkdir ki, KTMT üzv dövlətin sərhədinə nəzarəti təmin edə bilmir. Nəzərə alsaq ki, bu təşkilatın yaradıcısı Rusiyadır, bu bilavasitə Moskvaya qarşı atılan addımdır. Məhz bu və digər səbəblərdən erməni diaspor təşkilatlarının qanunsuz aksiyalarına qarşı ölçü götürülür. Bununla Rusiya ermənilərə mesaj verir ki, həddinizi bilin. Bu həmin Rusiyadır ki, erməni separatizmini himayə edib. Ruben Vardanyan məhz Kremlin layihəsidir. Bu həmin Vladimir Putindir ki, Valdayda sülh sazişini bir növ baltaladı. Dedi ki, erməni tərəfi Qarabağ tənzimlənməsi ilə bağlı ABŞ variantını qəbul edirsə, buyursun. Belə çağırış Ermənistanı sülh sazişindən çəkindirmək məqsədi daşıyırdı. Çünki Kreml hesab edir ki, Qarabağın status məsələsi sonrakı dövrə saxlanılmalıdır. Bu isə Rusiyanın separatçılardan istifadə edib Azərbaycan və Ermənistanı təzyiq altında saxlaması anlamına gəlir. Ona görə də Rusiyanın bu addımlarına inanmaq olmaz. M.Nazaryanı cəzalandırmaqla Rusiya hakimiyyəti göstərir ki, Kremlin siyasətinə qarşı getsəniz sizə baha başa gələcək. Əminəm ki, Rusiya-Ermənistan münasibətləri yoluna düşən kimi, Moskva separatçıların bu kimi icazəsiz aksiyalarını görməzdən gələcək. Ona görə də biz buna aldanmamalıyıq”.
Vidadi ORDAHALLI