Millət vəkili Erkin Qədirlinin mini müsahibəsi müzakirələrə səbəb olub. Bloqer deputata cəmi bir sual ünvanlayıb: “Mənə Milli Məclisdən bir deputatın adını çəkin ki, həqiqətən də xalqın səsini qazanıb və parlamentdə oturub”. Erkin Qədirli isə “Vallah heç onu özüm barədə də deyə bilmirəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma bizdə demokratik seçki yoxdur axı” cavabını verib.
REAL-çı deputatın qalmaqallı cavabına ilk rəsmi reaksiya Milli Məclisin vitse-spikeri Adil Əliyevdən gəlib.
Adil Əliyev bildirib ki, özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili suala cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır: “Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırkı həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.
REAL Partiyasının sədri İlqar Məmmədov isə Erkin Qədirliyə haqq qazandırıb:
“Milli Məclis deputatlarının hamısı bilir ki, bu saat ölkənin 1 nömrəli daxili siyasi məsələsi gözlənilən referendum və növbədənkənar seçkidir. Bu addımlar hələ keçən il atılmalı idi, Ermənistanla danışıqlardan asılı olmasa da, danışıqlarda ciddi irəliləyişdən sonra, çünki daxili siyasətdə dəyişikliklər xarici siyasət risqlərini də nəzərə almalıdır. Amma Ermənistan qəflətən danışıqları ləngitməyə başladı deyə, bu islahatlar ertələndi. Ertələnmə yenidən seçilməsi çətin olacaq köhnə Milli Məclis heyətini, əlbəttə, sevindirdi. Doğrudur, gözlənilən daha sərbəst seçkidə indiki tərkibin ən azından üçdə biri, hələ Erkin Qədirlinin müsahibəsindən əvvəl yazdığım kimi, yenidən seçilər. Amma dünən Erkin Qədirlinin deməsi ki, heyətin xalq tərəfindən seçildiyini yalnız demokratik seçkidən sonra əminliklə demək mümkün olacaq, qeyri-müəyyənlikdə qalan üçdə ikini yerindən oynatdı. Qorxdular ki, bəlkə millət vəkilimiz anons verir. Gülüncdür”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir açıqlamanın verilməsi doğru deyil: “Bu, həm Milli Məclisin nüfuzuna, həm də dövlətimizin həyata keçirdiyi siyasətə zidd olan açaıqlamadır. Ermənistan belə xəbərləri Azərbaycan mətbuatında axtarır. Artıq Erkin Qədrlinin fikirləri Ermənistan mediasında geninə-boluna tirajlanır. Əgər Erkin Qədirli hesab edirsə ki, onu saxta yolla seçiblər, o zaman niyə mandatdan imtina etmədi? Deyə bilərdi ki, mandatı qəbul etmirəm. Ancaq bunu etmədi. Parlamentdə oturub, nümayəndə heyətinin tərkibinə düşəndən sonra belə açıqlamanın verilməsi, bizim ümumi apardığımız siyasətə xələl gətirir. Bir də kiminsə başqasının adından danışmaq kimi haqqı yoxdur. O hardan bilir ki, 125 deputatın heç birini xalq seçməyib? Belə ifadəni işlətməklə, həm də başqalarının haqqına girmiş olub. Çox təəssüf edirəm ki, belə bir açıqlama verilib. Olduqca kobud bir mövqedir. Bunu dövlətçiliyimizə vurulan böyük zərbə sayıram. Artıq dünəndən sosial şəbəkə seqmenti bu məlumatı tirajlayır. Bizim hazırda ermənilərlə ciddi informasiya müharibəmiz gedir. Onlar davamlı olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu deyirlər. Belə bir təbliğatın aparılması Ermənistanın özünün dəyirmanına su tökür. Belə məzmunda açıqlamanı verən şəxs hər şeydən əvvəl bunu nəzərə almalıydı”.
Məhəmmədəli QƏRİBLİ