Misir prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərinin tarixi bilinib. Misirin Azərbaycandakı səfirliyindən bildirilib ki, Misir lideri regiona səfəri çərçivəsində ilk olaraq 27-28 yanvar tarixlərində Azərbaycana gələcək.
O, Azərbaycana səfərini yekunlaşdırdıqdan sonra Ermənistana yola düşəcək.
Qeyd edək ki, Misir prezidenti hazırda Hindistanda səfərdədir.
Xatırladaq ki, Ermənistan Prezident Aparatı Misir liderinin yaxın günlərdə Ermənistana, eyni zamanda, Azərbaycana səfər edəcəyini açıqlasa da, konkret tarixi göstərməyib.
Misirlə Azərbaycan arasında münasibətlər sabiq prezident Mübarəkin vaxtında yaxşı olub. Sonrakı prezident Mursinin və Sisinin zamanında münasibətlərdə durğunluq hökm sürüb. Mursinin son aqibəti ilə bağlı Türkiyə ilə həmin ölkə arasındakı münasibətlər də gərgindir. Maraqlıdır, hazırda Misiri regionda nə cəlb edə bilər ki, həmin ölkənin prezidenti həm Ermənistana, həm də Azərbaycana səfər planlayır?
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə bildirdi ki, Bakı diplomatik cazibə mərkəzinə çevrilir və Misir Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqı ilə yaxınlaşmağa çalışır:
“Daha bir maraqlı məqam da Misirin Azərbaycana artan marağıdır. Misir prezidentinin Bakıya rəsmi səfərə gəlməsi gözlənilir. Azərbaycana ilk dəfə səfər edəcək Misir prezidenti Sisini nazirlər və digər dövlət qurumları rəhbərlərindən ibarət yüksək rütbəli dövlət rəsmiləri müşayiət edəcək. Yüz milyonluq ərəb ölkəsinin Azərbaycana ilk səfəri tarixi hadisədir. Bundan əvvəl 2020-ci ildə belə bir səfər planlansa da, pandemiya ilə əlaqədar təxirə salınmışdı. Böyük ehtimalla, prezident Sisi 1 gün Bakı şəhərində gecələyəcək. Buna qədər Azərbaycana Misirdən rəsmi ziyarətə gəlmiş ən yüksək rütbəli dövlət rəsmisi 2019-cu ilin oktyabrında Bakını ziyarət etmiş Xİ naziri Sameh Şükri olub. Azərbaycana Ərəb Şərqində artan marağın bir neçə səbəbi var. Bunlardan biri Ukrayna müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyətinin artması və bu dəhlizdə Azərbaycanın oynadığı mərkəzi roldur. Şərqi Asiya ilə Avropa arasında Azərbaycanın körpü mövqeyi indi daha çox əhəmiyyət kəsb edir. Digər tərəfdən, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır və Avropa qaz bazarına hər gün daha da çox can atan Misir üçün Azərbaycanla təcrübə mübadiləsi çox vacibdir. Misir Şərqi Aralıq qaz yataqları ilə Avropa enerji təhlükəsizliyi strukturunda yer tutmağa çalışır. Daha bir maraqlı məqam Azərbaycanın bütün bu prosesi həm də Türkiyənin artan regional təsiri ilə balanslaşdırılmış şəkildə aparmasıdır. 2021-ci ilin sonundan etibarən istiləşməyə başlayan Türkiyə-İsrail münasibətlərinin bərpasına, açıq şəkildə deyilməsə də, rəsmi Bakı da aktiv dəstək vermişdi. Artıq Türkiyə-İsrail-Azərbaycan üçtərəfli strateji ittifaqının formalaşdığını demək mümkündür. Son dönəmlərdə Misir də Türkiyə ilə münasibətlərini istiləşdirməyə həvəsli görünür. Azərbaycan Türkiyə və Misir arasında münasibətlərin normallaşması və inkişafında da əhəmiyyətli vasitəçi ola bilər. Eyni zamanda Azərbaycan Misir qazının Avropaya çıxmasında ən böyük maneə - Türkiyə ilə münasibətlərin nizama salınması və Misir TANAP-ının inşasına töhfə verə bilər. Misir ənənəvi olaraq İsrail ilə təhlükəsizlik məsələlərində sıx münasibətləri qoruyub saxlayır. Misir prezidenti Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqının getdikcə möhkəmlənməsini və bölgənin gələcək təhlükəsizlik arxitekturasının inşasında artan rolunu nəzərə almaya bilməz. Böyük ehtimalla, Misir özü də bu ittifaqın bir hissəsi olmağa, ən azından bu strateji ittifaqla müsbət münasibət qurmağa çalışacaq”.
Misirin prezidentinin Ermənistana səfər etməsi isə İrəvanın ərəb ölkələrinə meylli siyasət yürütməsilə bağlıdır: “Məsələn, Azərbaycan və Türkiyənin ən yaxın müttəfiqi olan Qətərlə Ermənistan arasındakı münasibətləri buna misal göstərə bilərik. Ermənistan həm də Səudiyyə Ərəbistanı ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Misir başçısının səfəri Azərbaycana nəzərdə tutulmuşdu. Daha sonra Ermənistanı bura əlavə etməklə, çalışdı ki, bölgədə neytrallığı qorusun. Burada Avropa amilini də unutmaq olmaz. Çünki Misirin strateji tərəfdarlarından biri Fransadır. Ermənistana səfər amili həm də Fransanın Ermənistanla yaxınlığından qaynaqlanır”.
Məhəmmədəli QƏRİBLİ