30 il öz evlərinə qayıtmağın həsrətilə yaşayan qarabağlıların arzusu gerçək olub. İşğaldan azad edilən torpaqlarda qısa müddət sonra tikinti-quruculuq işlərinə, abidələrin bərpası prosesinə başlanılıb.
Bu gün ölkə Prezidentinin rəhbərliyi, şəxsi iradəsi, nəzarəti, diqqəti ilə Şuşa, Laçın, Cəbrayıl və digər işğaldan azad edilən bölgələr yenidən qurulur, yenidən tikilir, yenidən dirçəldilir. Müsbət haldır ki, ölkə vətəndaşları da bu prosesə qol-qanad verir. İşğaldan azad edilən bölgələrdə tikinti-quruculuq işləri çox böyük sürətlə aparılır, Məqsəd, nə qədər mümkündür, bir o qədər tez qarabağlıları öz evlərinə qaytarmaqdır.
Məlumat üçün bildirək ki, bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailə köçürüləcək. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.
“Laçın şəhəri, Zabux və Sus kəndləri, həmçinin Şuşa şəhərinin sakinləri öz doğma yurdlarına qayıdacağı günü səbrsizliklə gözləyir”
Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailə köçürüləcəyinin əhəmiyyəti haqqında danışan “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir: “Artıq iki ildir işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda, yenilərinin təməli qoyuldu. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir”.
Birlik sədri onu da vurğuladı ki, Laçın şəhəri, Zabux və Sus kəndləri, həmçinin Şuşa şəhərinin sakinləri öz doğma yurdlarına qayıdacağı günü səbrsizliklə gözləyir: “Qarabağa qayıdış mərhələli şəkildə həyata keçirilir. Ötən il bir qrup məcburi köçkün öz doğma yurduna geri qayıtdı. Bu ildə də bu iş davam edəcək. Geri qayıdacaq şəxslərə, ailələrə dövlət tərəfindən müəyyən güzəştlər ediləcək. Məlumdur ki, Qarabağda yaşayıb sahibkarlıqla məşğul olacaq şəxslər vergi güzəştindən azaddır. Bu isə o deməkdir ki, həmin bölgədə iqtisadi aktivlik daha da artcaq”.
Günel CƏLİLOVA