Rusiya Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib. Kreml bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Rusiya xarici işlər naziri Sergey Lavrovun bununla bağlı ortaya qoyduğu mövqe buna əyani sübutdur.
Qəribədir ki, İran Aİ missiyası ilə bağlı bənzər mövqe sərgiləmir. Baxmayaraq ki, həmin missiyanın tərkibində Fransa geniş şəkildə təmsil olunacaq və Tehran-Paris münasibətləri də çox gərgindir. Adətən, digər qərb ölkələrindən fərqli olaraq, Fransa ilə İran arasında xüsusi münasibətlər olub. Ancaq Ukrayna müharibəsində İranın Rusiyaya hərbi dronlar verməsi Fransanın bu ölkəyə olan münasibətini dəyişib. Bir müddət əvvəl Fransa ilə İran arasında qarşılıqlı ittihamlar səsləndi.
Bütün hallarda, necə olur ki, Zəngəzur dəhlizini özünə təhlükə hesab edən İran Aİ missiyasının sərhədinə gəlməsini mənafeyinə zidd hesab etmir?
“Molla rejimi hesab edir ki, Aİ-nin missiyasına qarşı tənqidi mövqedən çıxış etsələr, bu...”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, İran hakimiyyəti Ermənistanın mənafeyinə uyğun riyakar siyasət aparır: “Çünki İranın Ermənistana yanaşması və mövqeyi hər zaman qardaşlıq mövqeyindən ibarət olub. Molla rejimi Qərb imperialistlərinin Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməsini alqışlayıb. Bu, əslində İrandakı teokratik rejimin riyakarlığını növbəti dəfə ortaya qoyur. İdeoloji olaraq guya Qərblə mübarizə apardığını söyləsə də, Qərbin Ermənistana verdiyi dəstəklə İran həmfikirdir. Bugünə qədər İranın Zəngəzur dəhlizi məsələsində manipulyasiya etməsi ancaq sözügedən məqsədlərə hesablanıb. Sonuncu olaraq Avroittifaqın müşahidə missiyasının Ermənistan ərazilərində “at oynatmağı” və həmçinin Fransanın regiona bu qədər nüfuz etməsinə hansısa səs çıxartmır. Bu, əslində İranın dövlət olaraq nə qədər qeyri-səmimi olduğunu ortaya qoyur. Bütövlükdə isə, mollakratiyanın bu gün Sorosçularla əlaqələri hər iki tərəfin özünü biabır etməsi ilə nəticələnir. Əslində İran rejiminin ortaya qoyduğu mövqe və eyni zamanda Ermənistanın Tehranla “həmrəyliyi” hər iki ölkə üçün sadəcə böyük bir rəzilliyi ifadə edir. İranın Aİ missiyası ilə bağlı susqunluğu da məhz bunu ifadə edir. Molla rejimi hesab edir ki, əgər onlar Aİ-nin missiyasına qarşı tənqidi mövqedən çıxış etsələr, bu, Ermənistanın regiondakı mövqeyinin zəiflədilməsinə birbaşa xidmət edəcək. Bunu isə heç cür özlərinə rəva görmürlər. İran uzun illər Azərbaycan ərazilərinin işğal altında qalmasına göz yumdu. Niyə? Ona görə ki, müstəqil Azərbaycanın varlığını həzm etmirdi. İstəyirdi ki, Azərbaycan regionda çox zəif bir durumda qalsın. Azərbaycan öz ərazilərini işğaldan azad edəndə Ermənistandan sonra ən çox narahat olan məhz İran idi. Ona görə də İranın Azərbaycanla bağlı siyasətində dəyişən bir şey yoxdur. O üzdən, biz bu kimi məsələlərə hər zaman hazır olmalıyıq”.
Vidadi ORDAHALLI