30/01/2023 01:26
728 x 90

Avroittifaqın Ermənistanda 200 nəfərlik missiyası əksərən fransız hərbçilərdən təşkil olunacaq…

Yeganə Hacıyeva: “Azərbaycanla razılaşdırmadan AB-nin ikinci missiyanı göndərməsində beynəlxalq münasibətlərin pozulmasına dair bir neçə bənd var”

img

Fransa AB-nin Ermənistanda yeni mülki missiyasında iştirak etməyə hazırdır. Bu sözləri Fransanın XİN rəhbəri Ketrin Kolonna deyib. O qeyd edib:

“Bu çox vacib qərardır və Fransa Avropanın bu missiyasında iştirak etməyə şad olar”.

Xatırladaq ki, AB Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa Birliyinin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın mandatı 2 il olacaq.

Bəzi ekspertlər AB-nin bu “mülki missiyası”nın 200 nəfərlik heyətinin sabiq hərbçilərdən təşkil olunduğunu və Ermənistana Qərb hərbi kontingentin yerləşdirilməsinə hazırlıq görüldüyünü bildirir. Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermənistanla Azərbaycan sərhədində baş verən hadisələri izləməli idilərsə, indi avropalı missionerlər iki il qalmaq və bütün Ermənistan ərazisində baş verənləri müşahidə etmək üçün gələcəklər.

Əksəriyyəti fransalı hərbçilərdən olan bu missiyanı regiona göndərməklə, Paris nə etməyi hədəfləyir?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Birliyi adı ilə regiona gələcək missiyanı, əslində, fransız missiyası adlandırmaq olar: “Digər tərəfdən isə, bunu heç cür mülki missiya da adlandırmaq mümkün deyil. Yarımhərbi bir missiyadır. Bundan əvvəlki missiyanın da mandatında sərhəd mövzusu ilə yanaşı, bir təhlükəsizlik dəstəyi ilə bağlı bənd vardı. Əgər bir yerdə belə fəaliyyətlər nəzərdə tutulursa, onda bunu  mülki saymaq olmaz.  Bundan əvvəlki missiyanın üzvlərinin güya “Laçın dəhlizi”nə girməsi ilə bağlı Ermənistan tərəfi dezinformasiya xarakterli məlumatlar paylaşmışdı. Bununla ürəklərindən keçənləri ifadə edirdilər. Bu məsələdə Fransadan idarə edilən hesablar çox aktiv idi. Sübut olunur ki, bu addımlar Fransanın öz məramlarına aiddir. Azərbaycanla razılaşdırmadan AB-nin ikinci missiyanı göndərməsində beynəlxalq münasibətlərin  pozulmasına aid bir neçə bənd var. Avropa Birliyinin Cənubi Qafqaza hansısa missiya göndərmək kimi səlahiyyəti yoxdur. Onlar ATƏT-in missiyasını göndərə bilərdi. Üstəlik də yarımhərbi missiyanın gəlməsi heç də yaxşı niyyətdən xəbər vermir. ATƏT coğrafiyasında mülki missiya ilə təmsil olunmağa ATƏT və BMT Təhlükəsizlik Şurasının səlahiyyəti var. BMT-də Fransa bir neçə dəfə cəhd etsə də, bizimlə bağlı mənfi nəticəni əldə edə bilmədi. Ancaq Avropa təsisatında buna nail ola bildi. Fransanın bu addımı region üçün yaxşı nəsə vəd etmir. Münasibətləri daha da gərginləşdirəcək bir addımdır. Əslində, Ermənistanla cüt bacı olan Fransanın bu cür addımları bizə heç bir qeyri-adi təsir bağışlamır. Biz Fransanın ermənidən daha çox erməni olmasına öyrəşmişik. Ancaq bundan sonrakı mərhələdə Rusiya və Fransanın maraqları artıq kəskin şəkildə toqquşmağa başlayacaq. Çünki indi Rusiya regionda öz mövqelərini qoruyub saxlamaq üçün Fransanı bloklamaq məcburiyyətində qalıb. Eyni zamanda, Fransa da Cənubi Qafqaza yalnız Rusiya bu regiondan çıxarılacağı təqdirdə girmək şansı qazana bilər. Halbuki, rəsmi Parisin regional geopolitik məkanda peyda olmaq şansları Azərbaycan tərəfindən də artıq bloklanıb. Yəni Fransa bundan sonra təkbaşına regiona girə bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər