07/02/2023 12:45
728 x 90

Hələlik yalnız 100 min - bütün Qərbi azərbaycanlılar siyahıya alınandan sonra hansı addım atılacaq...

img

Qərbi Azərbaycan İcması vaxtilə Ermənistandan köçkün salınan soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün vətəndaşları siyahıya alır.

Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar media nümayəndələrinə açıqlamasında qeyd edib ki, yüz mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub, hazırda bu proses davam edir: “Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Hər gün 250-300 Qərbi azərbaycanlı İcmada qeydiyyata alınmaq üçün təşəbbüs göstərir. 1988-1991-ci illərdə deportasiya olunan soydaşlarımızla yanaşı, ondan əvvəl köçməyə məcbur edilənlər və onların varisləri arasında da qeydiyyata alınanlar var”.

Qeyd edildiyi kimi, qərbi azərbaycanlıların qeydiyyata alınma prosesi hələ davam edir. Maraqlıdır, bu proses bitdikdən sonra hansı addımlar atılacaq, nə kimi işlər görüləcək?

  • Ülviyyə Zülfüqar: “Qayıdış konsepsiyası” tam şəkildə hazır olandan sonra işlərin hansı səviyyədə davam edəcəyi məlum olacaq”

Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qərbi azərbaycanlıların siyahıya alınma prosesi davam edir. Məlumdur ki, bununla bağlı “Qayıdış konsepsiyası” hazırlanır. “Qayıdış konsepsiyası” ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Konsepsiya tam şəkildə hazır olandan sonra işlərin hansı səviyyədə davam edəcəyi məlum olacaq. Qərbi azərbaycanlıların siyahıya alınması ilə bağlı ilk olaraq say müəyyən olunmalıdır ki, nə qədər soydaşımız deportasiya olunub. İlkin mərhələ üçün bunlar nəzərdə tutulub. Daha sonra hansı addımların atılması, hansı istiqamətdə işlərin görülməsi tezliklə qəbul olunması gözlənilən “Qayıdış konsepsiyası”ndan bəlli olacaq”.

  • Abduləli Həsənov: “Bizim əsas məqsədimiz, mübarizəmiz doğma yurdlara qayıtmaqdır”

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənov bizimlə söhbətində bildirdi ki, bizim əsas məqsədimiz, mübarizəmiz doğma yurdlara qayıtmaqdır. Bu iş də mərhələli şəkildə həyata keçiriləcək: “İlk olaraq Qərbi azərbaycanlılar siyahıya alınacaq. Daha sonra hüququmuzun bərpa olunması üçün beynəlxalq səviyyədə tələblər qoyulacaq. Bu kimi işlər “Qayıdış Konsepsiyası”nda öz əksini tapacaq. Əsas niyyətimiz doğma yurdlara geri qayıtmaqdır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər