Məlum olduğu kimi, Vasif Talıbov 27 il Naxçıvan Ali Məclisinin sədri oldu. Bu müddət ərzində o, bölgədə faktiki olaraq avtoritar idarəçilik sistemi formalaşdırmışdı. Xüsusən də Naxçıvanın anklav coğrafi mövqeyindən sui-istifadə edərək öz bildiyini edirdi. Bu da bütün sahələrdə Naxçıvanın inkişafına mənfi təsir göstərdi.
Talıbovun idarəçiliyi dövründə həm də mərkəzdən ayrılan dotasiyaların böyük hissəsi mənimsənildi. Necə deyərlər, Talıbovun cibinə getdi. Üstəlik, oradakı təbii sərvətlərin “mütləq hakimi” olduğu üçün bundan da milyonlar qazandı. Məlumatlara görə, Vasif Talıbov Naxçıvandan oğurladığı milyonların bir qismini xaricdə gizlədir. Xüsusən də kapitalını ərəb ölkələrinə daşıdığı barədə məlumatlar var.
Maraqlıdır, qanunsuz yolla ölkədən çıxarılan həmin vəsaitləri müsadirə edib ölkəyə qaytarmaq hüquqi baxımdan nə dərəcədə mümkündür? Bununla bağlı hansı addımların atılması mümkündür və bunun üçün nə etmək lazımdır?
“O zaman Talıbovun ölkədən çıxardığı milyonlarla vəsaiti geri qaytarmaq olar”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, həmin pulları geri qaytarmaq çətin bir proses olsa da, prinsipcə mümkündür: “Nəinki Vasif Talıbov, Azərbaycanda məmurların bir çoxu soyub-taladıqları, korrupsiya yolu ilə əldə etdikləri vəsaitləri xaricə çıxarıb ya orada bunu sərmayə kimi qoyublar, ya da banklara yerləşdiriblər. Həmin vəsaitlərin müsadirə olunaraq geri qaytarılması prinsip etibari ilə mümkün olan bir məsələdir. Bunun üçün bizim ədliyyə, hüquq-mühafizə orqanlarımız xaricdəki analoji qurumlarla işləməlidir. Çünki qüvvədə olan beynəlxalq hüquq normalarına görə, mənbəyi göstərilmədən əldə olunan vəsait korrupsiya yolu ilə əldə olunan vəsait hesab olunur. Ona görə də həmin vəsaitlər müsadirə olunaraq ölkəyə qaytarılmalıdır. Ancaq son dövrlər aparılan müşahidələr onu göstərir ki, bir sıra xarici ölkələr belə vəsaitlərin qaytarılmasında bir qədər problem yaradırlar. Əksər hallarda həmin ölkənin qanunvericiliyinə uyğun olaraq, ölkənin özünün büdcəsinə keçirirlər. Bu günlərdə Yaqub Eyyubovun oğlunun 1 milyarda yaxın vəsaiti donduruldu. Bundan əvvəl Beynəlxalq Bankla bağlı bənzər problemlər oldu. O baxımdan hesab edirəm ki, bizim hüquq-mühafizə orqanları bununla bağlı gərgin işləməlidilər. Gərgin işləməlidilər ki, həmin vəsaitlərin qaytarılması üçün zəruri olan kifayət qədər, yəni beynəlxalq hüquqda tanınmış sübutlar təqdim etsinlər. O zaman Vasif Talıbovun ölkədən çıxardığı milyonlarla vəsaiti geri qaytarmaq olar. Çox təəssüflər olsun ki, biz bəzən belə sübutları toplamırıq. Ona görə də Azərbaycandan çıxarılan belə vəsaitlər məhz xarici ölkələrdə qalır. Ancaq hesab edirəm ki, müvafiq qurumlar lazımı sübutları toplaya bilsələr, o zaman ölkədən çıxarılan vəsaitləri geri qaytarmaq mümkün olacaq. Sadəcə, bununla bağlı bir qədər gərgin və ətraflı işləmək lazımdır”.
Bir sözlə, partiya sədri Talıbovun ölkədən qanunsuz yollarla çıxardığı milyonları geri qaytarmağın mümkün olduğu qənaətindədir.
Vidadi ORDAHALLI