Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada işgüzar səfərdə olub. Səfər zamanı Ermənistan dövlət başçısının Estoniya prezidenti Alar Karis, eləcə də Baş nazir, parlament sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Estoniya parlamentinin sədri Yuri Ratas Ermənistan prezidenti ilə görüşündə humanitar fəlakət təhlükəsini qəbuledilməz hesab edərək vurğulayıb ki, Laçın humanitar dəhlizi blokadada qala bilməz, minlərlə insanın həyat və sağlamlığına təhlükə yarada bilməz. O, Şuşa səfərinə toxunub və ümumi vəziyyətlə yerindəcə tanış olmaq niyyətində olduğunu qeyd edib
Görünən odur ki, Estoniya parlament sədri birtərəfli informasiyalara əsaslanaraq vəziyyəti təhrif edir. Çünki orada iddia olunduğu kimi humanitar “fəlakət” yoxdur. Burada ən təəccüblüsü Estoniya parlament sədrinin Şuşaya səfər etmək niyyətini Ermənistan prezidenti ilə müzakirə etmək istəyidir. Məgər Şuşa Ermənistan şəhəridir? O nə haqla bunu Ermənistan prezidenti ilə müzakirə edir?
“Ya bu adam hələ də Şuşa şəhərinin, yaxud Laçının, bütövlükdə isə Qarabağ regionunun beynəlxalq aləm tərəfindən...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Etsoniya rəsmisinin yanaşması həm yanlışdır, həm də beynəlxalq hüquqa ziddir: “Estoniya parlamentinin başçısının mövqeyi yanlışdır və prosesə ziyan vurur. Təəssüf ki, bir sıra bəlli ölkə rəsmiləri hələ də mövcud məsələnin gerçək mahiyyətini anlamadan tamamilə yanlış, yaxud birtərəfli bəyanatlar səsləndirməklə nə qədər qeyri-ciddiliyə yol verdiklərini bilmirlər. Düşünürəm ki, Estoniya parlamentinin sədri də həmin cinaha aiddir. Ya bu adam hələ də Şuşa şəhərinin, yaxud Laçının, bütövlükdə isə Qarabağ regionunun beynəlxalq aləm tərəfindən tanınan Azərbaycanın suveren əraziləri olduğunu bilmir, ya da qəsdən, bilərəkdən birtərəfli mövqe nümayiş etdirməklə ölkəmizin bütövlüyünə qarşı təxribatçı fikirləri səsləndirir. Cənab Ratas hansı “humanitar blokadadan”, yaxud “böhrandan” danışır? O, ümumiyyətlə, prosesdən xəbərdardırmı? Əgər xəbərdar olsaydı deyə bilərdi ki, hər gün Laçın yolundan Xankəndiyə, eləcə də əks istiqamətdə onlarla humanitar məqsədli yüklər daşınır. Xankəndidəki xəstələr Beynəlxalq Qırmızı Xaç Təşkilatına məxsus xüsusi avtomobillərlə Ermənistana aparılır və ötən gün 20-yə qədər erməni uşağı Ermənistandan Xankəndiyə aparılıb. O cümlədən, Ermənistana müalicəyə aparılan xəstələrdən biri də geriyə - Xankəndiyə dönüb. Təəssüf ki, eston parlamentinin spikeri həqiqətləri demək əvəzinə tamamilə yanlış mövqe sərgiləyir. Belə mövqelər, əlbəttə ki, prosesin gedişatına ziyandır”.
Bəhruz Quliyev daha bir maraqlı məqama da toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi dövründə də Estoniya rəsmiləri özlərinin ermənipərəst mövqeləri ilə seçiliblər: “Və təbii ki, rəsmi Bakı bütün bunları qeydə alır və gələcəkdə lazımi zamanda həmin ölkənin rəsmi şəxslərinin diqqətinə çatdırılacaq. Ona görə də qətiyyən qəbuledilməzdir ki, başqa bir ölkənin dövlət rəsmisi digər bir dövlətin ərazi bütövlüyünü şübhə altına almaq niyyəti ilə, yəni Ermənistan prezidenti ilə Şuşaya səfər etməkdən danışır. Bu məsələ həqiqətən də gülünc xarakter daşıyır. Yəqin ki, bizim müvafiq qurumlarımız həmin nüansı da diqqətə almaqla Estoniyaya bu və ya digər şəkildə münasibətini bəyan edəcək. Çünki yolverilməz siyasət, Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı yönəlmiş istənilən addıma dərhal və adekvat cavab verilməlidir. Əks halda belələrinin ayaqları yer alacaq və növbəti zamanlarda yenidən bənzər qeyri-ciddi fikirləri ilə gündəmə gələcəklər”.
Vidadi ORDAHALLI