“Bz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Dünya silah bazarında boşluq yaranıb: “Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”.
Bütün bu deyilənlərin fonunda, Azərbaycan dünya silah bazarında yaranan boşluqları doldura bilərmi?
“Bu, Müdafiə Sənayesi Kompleksi üçün yeni yolların, yeni imkanların açılmasına töhfə verəcək”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli bunu istisna etmədi. Onun fikrincə, Azərbaycanın belə bir potensialı var: “2020-ci il Vətən müharibəsindən sonra Prezident İlham Əliyev ilk dəfədir ki, Azərbaycan Silahlı Qüvvələrinin və Müdafiə Sənayesi Kompleksinin fəaliyyəti, ümumiyyətlə, onun hazırkı vəziyyəti, gələcək perspektivləri haqqında bir sıra mühüm məqamlara toxundu. Hesab edirəm ki, Prezidentin açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı çox mühüm məqamlar öz əksini tapıb. Prezidentimiz doğru, dəqiq olaraq dünya silah ticarəti, müdafiə sənayesi məhsullarının ticarəti sahəsindəki hazırkı durumu təhlil edərək Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlandığını açıqladı. İlham Əliyev vurğuladı ki, bu, eyni zamanda ixracyönümlü sənaye olacaqdır. Bildiyiniz kimi, hazırda dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Azərbaycan dünya silah bazarında çox ciddi şəkildə yerini tutub, aktor olması üçün çox geniş imkanlara, potensila malikdir. Azərbaycan sovet hərbi müdafiə sənayesi kompleksinin elmi nəzəri bazası əsasında hazırlanan məhsulların istehsalı sahəsində ixtisaslaşmış ölkə olaraq bu bazara girmək, mühüm mövqe tutmaq imkanına malikdir. Prezident qeyd etdi ki, ölkəmiz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilər. Hesab edirəm ki, Prezidentin bu sözləri Azərbaycan müdafiə sənayesi kompleksi üçün ciddi mesajdır. Azərbaycanın bu sahədə məhsullarının sayının artırılması, ixracın böyüdülməsi üçün önəmli işlər görüləcək. Dövlətin mühüm strukturları da müdafiə sənayesi kompleksinin inkişafı üçün öz töhfəsini verəcəklər. Bu çıxışda,ümumiyyətlə, fikirlərdə çox mühüm məqamlar var idi. Təbii ki, hesab edirəm, bu həm də Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Sənayesi Kompleksi üçün yeni yolların, yeni imkanların açılmasına töhfə verəcək”.
Vidadi ORDAHALLI