“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır.
Ə.İsmayılov bildirib ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
“Çap medianın inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi üçün Medianın İnkişafı Agentliyi iki ilə yaxındır ki, bu məsələnin üzərində işləyir”
Çap medianın inkişafı ilə bağlı strateji planın hazırlanmasının əhəmiyyəti haqqında danışan “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Çap medianın inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi üçün Medianın İnkişafı Agentliyi iki ilə yaxındır ki, bu məsələnin üzərində işləyir. Azərbaycanda çap medianın davamlığı və inkişafı üçün lazımi işlər görülür. Media subyektlərinin 3 il müddətində vergidən azad olunması gündəmdədir. Uzun müddət idi ki, Medianın İnkişafı Agentliyi məlum məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparırdı. Agentliyin icraçı direktoru Əhməd İsmayılov hesabat konfransında çıxışı zamanı bildirdi ki, medianın vergidən azad edilməsi ilə bağlı qərar hazırlanıb. Bu, çap və rəqəmsal media üçün önəmli məsələdir. 3 il müddətində vergiyə ayrılması nəzərdə tutulan vəsait medianın inkişafının təkmilləşməsinə yönəldiləcək. Təbii ki, bu da medianın inkişafına səbəb olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çap medianın inkişafı ilə bağlı Medianın İnkişafı Agentliyi müəyyən işlər görür. Təbii ki, görülən hər bir iş çap medianın inkişafına təsir edəcək: “Onu da deyim ki, Medianın İnkişafı Agentliyinin çap mediasının dəstəklənməsinə yönəlmiş layihələrindən biri olan E-kosk, həmçinin, onlayn media mühitində xüsusi xəbər istehsalına, rəqabətə təkan verən Metrix.az saytının fəaliyyətə başlaması da qeyd edilməlidir.
Günel CƏLİLOVA