“Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Prezident Əliyevin çıxışından belə aydın olur ki, Azərbaycanın tələbləri yerinə yetirilməyənədək Laçın yolundakı aksiya davam edəcək.
“Prezident İlham Əliyevin məlum çıxışı və ekoaktivistlərin fəallığı onu göstərir ki, qarşıya qoyulan məqsədə çatana qədər aksiya davam edəcək”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Laçın yolunda keçirilən aksiyanın konkret hədəfləri var. Bu hədəflərə nail olunana qədər aksiya davamlı şəkildə keçiriləcək: “Daha əvvəldə eko aktivistlər vurğulayıb ki, aksiya öz hədəfinə çatana qədər davam edəcək. Əsas məsələ Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarının sona çatmasıdır. Eyni zamanda, Azərbaycanın ərazilərində ekoloji monitorinq aparmaq üçün mülki qurumların ora daxil olmasına şərait yaradılmasıdır. Təəssüflər olsun ki, bir aydan çoxdur davam edən aksiyalar fonunda azərbaycanlıların həmin ərazilərdə monitorinq aparmasının qarşısı alınır. Qarabağdakı "Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı prosesinin dayanması ilə bağlı ekoaktivistlərin haqlı tələblərinə göz yumulur. Dünya, beynəlxalq təşkilatlar məlum olaya reaksiya vermir. Təəssüf ki, beynəlxalq arena daha çox erməni təxribatı və yalanlarına dezinformasiya dəstəyi verdiyini görürük. Ancaq Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də məlum məsələyə toxundu. Və qeyd edildi ki, aksiya hədəfə çatana qədər davam edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, aksiya iştirakçıları da dəfələrlə bəyan ediblər ki, tələblər icra edilənə qədər aksiya davam edəcək. Prezident İ.Əliyevin məlum çıxışı və ekoaktivistlərin fəallığı onu göstərir ki, qarşıya qoyulan məqsədə çatana qədər aksiya davam edəcək.
Günel CƏLİLOVA