“Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb”. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O qeyd edib ki, qanun layihəsi media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.
Ə.İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.
“Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsindən KİV təmsilçiləri uyğun şəkildə istifadə etməlidir”
Media subyektlərinin vergidən azad olunmasının əhəmiyyəti haqqında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, medianın 3 il müddətinə vergidən azad olunması təşəbbüsü təqdirəlayiqdir, həm də çox zəruridir, çünki Azərbaycan mediası, çap və ya onlayn medianın gəlir əldə etmək imkanı zəifdir: “Bu problemi həll etmək üçün medianı normal gəlir gətirən müstəviyə çıxarmaq vacibdir. Bu baxımdan da qeyd edilən sahəyə dövlətin dəstəyi önəmlidir. Bu səbəbdən də dövlətimiz keyfiyyətli media siyasəti yürüdür. Azərbaycanın elə bir mediaya ehtiyacı var ki, bu media dayanıqlı, uzun müddətli olsun. Buna görə də media subyektlərinə 3 il müddəyinə güzəşt edilməsi KİV-ə ciddi bir təkan verəcək”.
A.Həsrət onu da əlavə etdi ki, Medianın İnkişafı Agentliyi artıq iki ildir fəaliyyət göstərir. Bu iki il ərzində media sahəsində nizam-intizam yaradıldı. Media siyasətinə çəki-düzən verilməsi qeyd edilən sahədə yaşanan problemleri həll etdi: “Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi nəticə etibarı ilə nizam-intizam məsələsinin daha rahat şəklində həllinə töhfə verəcək. Hesab edirəm ki, media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsindən KİV təmsilçiləri uyğun şəkildə istifadə etməlidir. 3 il müddətindən elə istifadə edilməlidir ki, Azərbaycanda yüksək keyfiyyətli media müstəvisi öz yerini tapsın”.
Günel CƏLİLOVA