“Zəngəzur dəhlizi təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu bizim üçün strateji bir layihədir”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır: “Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq”.
Maraqlıdır, Zəngəzur dəhlizinin stratejiliyi nədədir?
“Bu dəhliz türk dünyasını, türkdilli dövlətləri birləşdirəcək, türk dünyasının bütövləşməsinə xidmət edəcək”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Zəngəzur dəhlizinin Azərbaycan üçün strateji önəmi çoxşaxəlidir: “Əvvəla, Zəngəzur dəhlizi doğrudan strateji əhəmiyyət daşıyır. Çünki bu dəhliz Böyük İpək yolunun yerləşdiyi güzərgahdan keçir. Pekindən Londona qədər uzanacaq və bütövlükdə regionun inkişafına, tərəqqisinə töhvə verəcək. Zəngəzur dəhlizi sayəsində Şərqdən Qərbə və əks istiqamətdə daşımalarda məsafə qısalacaq. Bu da daşıma xərclərinin maya dəyərinə müsbət təsir edəcək. Nəticədə Azərbaycanın önəmi, rolu daha da artacaq. Bu isə o deməkdir ki, Azərbaycanla hesablaşacaqlar. Bunun sayəsində Ermənistandan gözlənilən potensial təhdidlər ortadan qalxacaq. Erməni revanşizmi bir növ boğulacaq. Dünya elədir ki, hansı ölkə ticarət yollarının üzərində yerləşirsə, bu həmin ölkənin iqtisadi inkişafına müsbət təkan verir. Bunun sayəsində həm də Rusiya və İranın Avropa üçün strateji əhəmiyyəti azalacaq. Bu baxımdan Zəngəzur dəhlizi önəmli strateji əhəmiyyət kəsb edir. Digər strateji əhəmiyyəti odur ki, bu dəhliz türk dünyasını, türkdilli dövlətləri birləşdirəcək. Yəni, türk dünyasının bütövləşməsinə xidmət edəcək. Onların arasında inteqrasiyanın keyfiyyətcə yeni bir mərhələyə daxil olmasına xidmət edəcək. Bu baxımdan da Zəngəzur dəhlizi olduqca əhəmiyyətli önəmə malikdir. Eyni zamanda, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafında yeni bir mərhələnin açılmasına vəsilə olacaq. Həm Naxçıvanın blokadasına əsaslı şəkildə son qoyulacaq, həm də bölgədə yeni iqtisadi imkanlar yaranacaq. Naxçıvana sərmayə qoyuluşu artacaq, tranzit gəlirləri bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Ən nəhayət, Zəngəzur qədim Azərbaycan torpağıdır. Zəngəzur bolşevik Rusiyasının biləvasitə təziqi ilə qanunsuz şəkildə Ermənistana hədiyyə olunub. Orada əcdadlarımızın tarixi var. Əvvəl-axır tarixi ərazilərimiz bizə qayıtmalıdır”.
Bir sözlə, Əli Mustafayev hesab edir ki, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti böyükdür.
Vidadi ORDAHALLI