Xəbər verildiyi kimi, oktyabrın 14-dən Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) və jurnalistlərin Media Reyestrində qeydiyyatı prosesi başlayıb. Bu proses 2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” qanunun tələbi əsasında həyata keçirilir.
Qeydiyyat reyestr.media.gov.az portalında ASAN Login sistemi vasitəsilə həyata keçirilir.
Danılmaz faktdır ki, artıq xeyli KİV Media Reyestrində qeydiyyat alınıb. Ancaq bəzi KİV-lər Media Reyestrindən keçmək fikrində deyil. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 12 yanvar tarixində Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında çıxış edərkən bildirib ki, Reyestrdən keçməyən media subyektləri məhkəməyə veriləcək: “Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var. Media subyektləri qalan müddət ərzində müraciət edə bilərlər. Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.
“Media orqanlarının Reyestrdən keçməsi indi bir qurum tərəfindən həyata keçiriləcək, ancaq əvvəllər bu proses…”
Reyestrdən keçməyən media orqanlarının fəaliyyətinin məhkəmə tərəfindən dayandırılması barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli ilə həmsöhbət olduq.
- Məlumdur ki, “Media haqqında” qanunun tələbi, əsasən, Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) və jurnalistlərin Media Reyestrində qeydiyyatdan keçməlidir.
- Azərbaycanda “Media haqqında” yeni qanunun qəbul olunması, buna uyğun olaraq Media Reyestrinin tətbiq olunması, bu Reyestrdə həm media orqanlarının, həm də jurnalistlərin qeydiyyatının aparılması ölkədə media mühitinin saflaşdırılması, sağlamlaşdırılması üçün zəruri olan addımlardır. Bunlar peşəkar KİV üçün gələcəkdə münbit şəraitin yaradılması, eyni zamanda jurnalistlərin peşəkar fəaliyyəti üçün onlara dəstək məqsədi daşıyır.
- Reyestrdən keçməyən media subyektlərinin fəaliyyəti məhkəmə qaydasında dayandırılacaq?\
- Media subyektlərinin reyesrdən keçməsi ilə bağlı kənar müdaxilələr fikirləri qarışdırır. Əslində, burda qeyri-adi bir şey yoxdur. İndiyə qədər fəaliyyət belə olub. Belə ki, çap mediası fəaliyyət göstərmək üçün mütləq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli idi. Qeydiyyatdan keçməyən qəzet fəaliyyət göstərə bilməzdi. Eyni qayda onlayn xəbər portalları üçün də keçərlidir. Bəllidir ki, televiziya da lizensiya almadan fəaliyyət göstərə bilməzdi.Bu həmişə belə olub. Ancaq indi bu proses bir mərkəzdən idarə olunacaq.
- Qeyd etdiz ki, bu proses indi bir mərkəzdən idarə olunacaq. Bu proses bir mərkəzdən necə idarə olunacaq?
- Bəli, media orqanlarının Reyestrdən keçməsi indi bir qurum tərəfindən həyata keçiriləcək. Ancaq əvvəllər bu proses belə idi ki, 3 yerdə qeydiyyata düşəndən sonra media subyekti fəaliyyət göstərə bilərdi. Qeydiyyata düşməyən qəzet və ya onlayn media ilə bağlı ölçü olmalıdır. Bu məsələ ilə bağlı qarışıq salınan məqam ondan ibarətdir ki, hazırda deyilən fikirlər sosial şəbəkələr üzərindən yayımlanan KİV qurumlarına aid deyil.
- Son zamanlar reyestrdən keçməyən KİV-lərin fəaliyyətinin dayandırılması ilə bağlı sosial şəbəkədə müxtəlif məlumatlar yayılır.
- Ümumiyyətlə, media subyektlərinin Media Reyestrindən keçməsi normal bir məsələdir. Bu mövzu ilə bağlı bəzi şəxslər səs-küy qoparmaqla Reyestri gözdən salmaq istəyirlər. Azərbaycanda medianın saflaşdırılmasını istəməyən qüvvələr “Media haqqında” yeni qanun və Media Reyestrini gözdən salmaq üçün çox uydurma, qondarma arqumentlər irəli sürürlər. Bu arqumentlərin əsassız, uydurma olduğu artıq media mütəxəssisləri tərəfindən arqumentlərlə isbatlanıb. Ona görə cəmiyyətimiz ayıq olmalı və bu cür manipulyativ fikirlərin təsirinə düşməməlidir.
- Reyestrdən keçməyən media orqanlarının fəaliyyəti dondurulacaq?
- Qanunla media subyektləri Media Reyestrindən keçməlidirlər. Reyestrdən keçməyənlər isə qanun çərçivəsində cəzalandırılacaq.
Günel CƏLİLOVA