“İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Ölkə başçısının fikrincə, onun ilk təzahürlərini biz görürük: “Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
Qərbin Azərbaycana qarşı informasiya savaşında indiki mərhələ hələ sonuncu mərhələ deyil. Prezident də onun anonsunu verdi ki, qabaqda yeni bir mərhələ də var. Maraqlıdır, bu mərhələ əvvəlkilərdən nə ilə fərqlənə bilər? Nə gözlənilir və buna qarşı nə etməliyik?
“İnformasiya savaşında maksimum fəal olmalıyıq”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədli bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, cənab Prezident yerli telekanallara müsahibəsində bir sıra önəmli mesajlar verdi. Söhbət həm də qarşıda görüləsi işlərdən gedir. Mesajlardan biri də media ilə bağlı oldu. Qeyd etdi ki, Qərb mediası Azərbaycana qarşı yeni kampaniyaya hazırlaşır. Çox güman ki, bu kampaniya Qarabağla bağlı olacaq. Əslində bu təbliğat başlayıb. Bundan sonra təxribatlar əsasən bu yöndə olacaq ki, guya Azərbaycan Qarabağdakı etnik erməniləri təcrid edir, onları sıxışdırır, diskriminasiyaya məruz qoyur və s. Ölkə başçısı kifayət qədər informasiyaya malik olduğu üçün nə dediyini yaxşı bilir. Ona görə də biz Qərb mediyasının bu yöndə ola biləcək təxribatlarına hazır olmalıyıq. Buna tutarlı səviyyədə operativ şəkildə cavab verməliyik ki, bizə qarşı aparılan qaralama kampaniyası öz məqsədlərinə çata bilməsin. Onsuz da illərdir Qərb mediası Qarabağ həqiqətlərini düzgün işıqlandırmır, ermənipərəst mövqedən çıxış edir. Ümumiyyətlə, Azərbaycan bir sıra tarixi məsələləri həll edən zaman bizim bədxaxlar sanki eyni mərkəzdən komanda alaraq hərəkətə keçirlər. Xüsusən də qlobal media bizə qarşı aktivləşir. Hazırkı vəziyyət də buna bənzəyir. Son vaxtlar Ermənistanla sülh müqaviləsinin imzalanması qaçılmaz reallığa çevrilir. Azərbaycan bununla bağlı çox ciddi mövqe ortaya qoyur. Paşinyan 2 il prosesləri yubatsa da, artıq o da anlayır ki, belə vəziyyət sonsuza qədər davam edə bilməz. Çox güman ki, Qərbdə müəyyən dairələr bundan narahat olduqları üçün mətbuat vasitəsilə təxribatları genişləndirirlər. Bu işdə erməni lobbisinin də xüsusi rolu var. Çünki erməni diasporu istəmir ki, tərəflər arasında sülh sazişi imzalansın, dayanıqlı sabitlik təmin edilsin. O üzdən, biz müxtəlif dillərdə media vasitələrilə onların yalanlarını ifşa etməliyik. Azərbaycanın sülh məsələsində qəti mövqeyi onları nə qədər narahat etsə də, bunun üzərinə getməliyik. İnformasiya savaşında maksimum fəal olmalıyıq”.
Vidadi ORDAHALLI