Rusiyanın təxribatçı "EAD" nəşri yanvarın 10-da gündüz saat 12.50-də xəbər yaydı ki, Gorus-Xankəndi (onlar təbii ki, Xankəndi demirlər) yolunun 33-cü kilometrliyində Xankəndiyə gedən elektrik xəttində qəza baş verib və Azərbaycan tərəfi xəttin bərpasına imkan vermir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev bildirir ki, bu xəbərin üstündən az keçməmiş bizim bəzi populistlər heç bir istinad vermədən ermənilərin xəttdə qəza səbəbindən Xankəndidə işıqsız qaldıqlarını tirajladılar: “Nə yaxşı ki, ermənilərin yaydığı xəbərdəki "Azərbaycan xətti təmir etməyə imkan vermir" cümləsini yaymamağı ağılları kəsdi.
Azərbaycan xətti təmir etməyə niyə imkan verməsin ki?! Azərbaycanın başbilənləri bilmir ki, ermənilərin əlinə bəhanə vermək düz deyil? Bilmirik ki, ermənilər guya "Arsaxda" genosid hazırladığımız barədə Makronun züytutanlığı ilə dünyada şivən qoparmağı hədəfləyiblər?! Belədə, Azərbaycan ermənilərin işıq xəttinin bərpasına mane olmaqda heç cür maraqlı deyil...
İndi gördünüz ki, guya Laçın yolundakı aksiyamız nəticəsində Xankəndidə humanitar böhran başlaması xəbərlərini ermənilər qəsdlə yayır və əslində Xankəndidə heç bir humanitar böhran izi yoxdur?!.. Xankəndidə hətta tək-tək evlərdə işıq yansa da, əmin olun ki, bu da erməni oyunudur və faciə görüntüsü yaratmaq üçün işıqları söndürürlər…
Allah bizi bəzi populist ekspertlərdən qorusun...”.
Tahir TAĞIYEV