Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası davam edir.
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyası Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
Vəziyyətdən istifadə edən rəsmi İrəvan və dünyadakı erməni diasporu qərəzli və böhtan xarakterli iddialar yayır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Bu aksiya ilə Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı da alındığı üçün onlar dərin narahatlıq keçirirlər.
Ermənilər üstümüzə 50 milyonluq yalanla gəlir
Artıq beynəıxalq dairələrdə belə iddialar səslənir ki, dünyadakı ermənilər Laçın yolu ilə bağlı yalanları tirajlamaq üçün maliyyə də ayırıblar. Ekspertlərin hesablamalarına görə, ilk mərhələdə planlaşdırılan anti-Aazərbaycan informasiya kampaniyasının büdcəsi 50 milyon dollar təşkil edəcək.
Azərbaycanın bu cür böhtançı kampaniyaya qarşı mübarizə aparmaq üçün diasporumuzun gücündən necə yararlana bilər?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni təbliğatının yalanları daim ifşa olunmaqdadır: “Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə erməni separatçılarının iddia etdikləri kimi 120 min deyil, cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır.
Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Humanitar yüklər həmin yolda sərbəst hərəkət edir. Bütün bu gerçəklikləri dünya ictimaiyyətinə çatdırmaq üçün diasporumuz aktivlik göstərməlidir”.
Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını ifşa etməlidir!
İsmayıl Ağayevin sözlərinə görə, bizim hər birimiz tam qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq: “Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən bütün diaspor təmsilçilərini erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını ifşa etməlidir! Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə yaşayan ziyalılarımız yaşadıqları yerlərdə ictimaiyyətlə daha sıx əlaqədə olmalı, Azərbaycanın həmin ölkədəki səfirlikləri, dövlət təşkilatları və ictimai cəmiyyətlərlə birlikdə müxtəlif siyasi, mədəni tədbirlər, görüşlər keçirməli, regionda baş verən hadisələr barədə həqiqətləri yerli insanlara dəqiq və düzgün çatdırmalıdırlar. Yerli mətbuatda, televiziya kanallarında bu məsələ ilə bağlı danışmalı, Azərbaycan dövlətinin əsas siyasi kursuna uyğun təbliğat işi aparmalıdırlar. Biz də çalışırıq fəaliyyətimizi buna uyğun quraq”.
Son hadisələr erməni diasporunun hansı gücə malik olduğunu aydın göstərir. Belə ki, onlar təsəvvür etdikləri qədər yenilməz deyillər. İşğalçı Ermənistan məğlub edilsə də, erməni faşizmi yenə dişlərini sıxaraq yaşamaqdadır. Artıq dünyanın bütün mütərəqqi güclərinin, demokratik təsisatlarının yaralanmış nasist erməni ideologiyasının tam iflası üçün birləşməsi vacibdir. Bunun üçün də, diasporumuzun koordinasiyalı fəaliyyətinə ehtiyac var. Biz imkan vermərik ki, ermənilərin bu yalanı da ayaq tutub, yeriyə bilsin.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.