“Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub”. NUHÇIXAN İnformasiya Agentliyinin yaydığı məlumata görə, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Muxtar Respublika Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə, vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır.
Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Prezident İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.
Onun sözlərinə görə, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salınıb, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edilib: "Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik".
F.Nəcəfli qeyd edib ki, Naxçıvanda bir çox istiqamətlər üzrə nöqsanlar var, vəsaitlər düzgün istifadə edilməyib.
Səbəb nə idi ki, bu qədər nöqsanlar yaranıb? Bu vəsait dövlət büdcəsindən bəlli sahələr üzrə ayrılırdı, o pul niyə başqa istiqamətlərə yönəldilib, aidiyyəti üzrə xərclənməyib? Nümayəndənin bu məsələnin üstünə getməsi hansı nəticələr verəcək?
“İlkin nəticələr belə deməyə əsas verir ki, Naxçıvanda korrupsiyanın kökünün kəsilməsi...”
TNS İnformasiya Agentliyinin rəhbəri Tural Səfərov “Bakı-Xəbər”ə bildirdi ki, Naxçıvan Muxtar Respublikasının sabiq rəhbərinin vəzifəsindən istefa verməsinə əsas səbəblərdən biri Muxtar Respublikada olan korrupsiya faktları idisə, digər tərəfdən siyasi səbəblər də yox deyildi. “Biz dəfələrlə bildirmişik ki, Vasif Talıbov Naxçıvanı Azərbaycandan qoparmaq üçün tədbirlər görürdü, onun xarici qüvvələrlə işbirliyində olması ilə bağlı müəyyən iddialar səsləndirilirdi. İndiyə qədər İrana, Rusiyaya meyllənməsi kimi məsələlər, iddialar vardı. Amma rəsmi olaraq açıqlanan faktlar sırasında korrupsiya faktları daha qabarıq görünür. Bilirsiz ki, Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov, sabiq maliyyə naziri Rəfail Əliyev və keçmiş Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərli həbs edilib. Bu üç məmurun 500 milyon manata yaxın vəsaiti mənimsədiyi aşkarlanıb. Bu çox ciddi rəqəmdir. Araşdırmalar davam edir. Dəfələrlə qeyd etmişəm ki, araşdırmalar dərinləşdikcə daha ciddi rəqəmlər, böyük faktlar ortaya çıxacaq. Bilirsiz ki, Vasif Talıbov istefa verəndən sonra ölkə rəhbərinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyi institutu yaradılıb, Fuad Nəcəfli səlahiyyətli nümayəndə təyin edilib. Fuad Nəcəfli işə yaxşı başlayıb, əhali ilə görüşlər keçirir, insanların problemləri ilə maraqlanır. Xüsusilə də korrupsiya faktlarının araşdırılması, üzə çıxarılması istiqamətində proseslərə nəzarət edir”.
Keçən həftə Naxçıvan Muxtar Respublikasına səfər etdiyini bildirən T.Səfərli qeyd etdi ki, nümayəndə Fuad Nəcəfli ilə qısa görüşləri də reallaşıb. F.Nəcəfli ilə Naxçıvanın mövcud vəziyyəti və gələcək perspektivlərlə bağlı yığcam söhbətləri də olduğunu deyən T.Səfərov “mən orda hiss etdim ki, Fuad Nəcəfli bu məsələlərə çox ciddi yanaşır, ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrası istiqamətində tədbirlərin görüləcəyini bildirdi. VI çağırış Naxçıvan Ali Məclisinin IX sesiyasında çıxışında səlahiyyətli nümayəndə vəsaitlərin düzgün bölüşdürülmədiyi ilə bağlı fikirlər səsləndirdi, baş vermiş korrupsiya hallarına işarə etdi. Hesab edirəm ki, bu məsələlər çox qısa vaxt ərzində daha dərindən araşdırılacaq və Naxçıvanda olan korrupsiya faktları ortalığa çıxarılacaq. Əsas məqsəd ondan ibarətdir ki, bundan sonra belə hallar baş verməsin, korrupsiya hallarına yol verilməsin, Naxçıvan Muxtar Respıublikasındakı dövlət orqanları daha şəffaf fəaliyyət göstərsin. Prezidentin bu təyinatı çox uğurlu təyinatdır və Fuad Nəcəfli də orqanların daha şəffaf işləməsi üçün əlindən gələni edir. Nəticə nə olacaq, bunu biz bir neçə aydan sonra daha dərindən müşahbidə edəcəyik, daha yaxşı görəcəyik. Amma ilkin nəticələr belə deməyə əsas verir ki, Naxçıvanda korrupsiyanın kökünün kəsilməsi, şəffaf idarəetməyə keçid istiqamətində əhəmiyyətli addımlar atılır”-deyə T.Səfərov bildirdi.
Əli TURABOV