“İlk növbədə qeyd edim ki, “SƏS” qəzeti müstəqilliyin ilk müjdəsini gətirənlərdən biridir. Qəzetin nəşr tarixi dövlət müstəqilliyimizdən 9 ay əvvələ təsadüf edir. “SƏS”in ilk sayı 1991-ci ilin 11 yanvarında işıq üzü görüb. Müstəqillik tarixinin bütün səhifələri “Səs”in arxivindədir.
32 illik tariximizi vərəqlədikcə burada Azərbaycanın yazılan və yazılmayan tarixini görürük. Bu da mənim üçün çox qürrvericidir ki, həyatımın 25 ilini bu qəzetə həsr etmişəm və 18 ildir ki, “SƏS”ə rəhbərlik edirəm. Digər tərəfdən, “SƏS” elə bir mürəkkəb dövrdə fəalliyyətə başlayıb ki, o zaman sözə, xalqın müstəqilliyə töhfə verməsinə ehtiyac vardı. “SƏS” qəzeti fəaliyyətinin 32 illik dövründə keşməkeşli, elə də asan görünməyən yollar keçib. Lakin mən onu da qeyd etmək istərdim ki, keçilən bu yol həm də özündə qətiyyətlilik prinsiplərini əxz etdirən şərəfli bir yoldur ki, onun təməlində müstəqil mətbuatımızın sarsılmaz əqidə məktəbi dayanmaqdadır. Beləliklə, qeyd etmək olar ki, “SƏS” qəzeti yalnız üzərinə düşən tarixi missiyaları yerinə yetirən mətbu orqanı deyil, bu qəzet eyni zamanda, bir mətbuat məktəbidir. Məhz Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan “SƏS” qəzeti bütün fəaliyyəti dövründə xalqın sözünü deyən sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb, bu gün də çalışmaqdadır. Əlbəttə ki, belə bir tarixi əhəmiyyətli və qətiyyətli yolu keçmək heç də hər mətbu orqana nəsib olmur. Biz fəxr edirik ki, belə bir yolu keçmək, belə bir aşırımları aşmaq, qət etmək bizlərə nəsib olub və bu arada fürsətdən istifadə edərək, mən və redaksiya heyətimiz bizi növbəti - 32-ci ildönümümüz münasibəti ilə bağlı təbrik edən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk”.
Bunu “Bakı-Xəbər”ə müsahibəsində yanvarın 11-də 32 yaşı tamam olan “SƏS” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib.
Xalqın siyasi şüurunun formalaşmasına, birlik, həmrəylik nümayiş etdirməsinə ehtiyac olan dövrdə “SƏS”in meydana gəldiyini vurğulayan B.Quliyev qeyd etdi ki, nəşr bu missiyanı üzərinə götürüb və onu uğurla daşıyıb. “Azərbaycan mətbuat tarixində 35-40 min tirajla çıxan yeganə qəzet “SƏS” olub. Keçən əsrin 90-cı illərinin əvvəllərində, xalq hərəkatı dövründə qəzetin rəsmən nəşri bu qədər olub... Hələ mən qeyri-rəsmi şəkildə, redaksiyanın xəbəri olmadan mətbədə çap olunub əlyayımında satılan tirajımızı demirəm. Bu, Azərbaycan xalqının “SƏS”ə nə qədər ehtiyacı olduğunun göstəricidi idi. Xalqın ehtiyacı olduğu dövrdə “SƏS” meydana gəlib. Eyni zamanda qeyd edim ki, “SƏS” ulu öndər Naxçıvanda yaşadığı, işlədiyi dövrlərdə xalqla Heydər Əliyev arasında körpü yaradıb. Xalqın sözünü, fikirlərini Heydər Əliyevə, Heydər Əliyevin sözlərini, xalqına məhəbbətini, dövlətinə sevgisini xalqa çatdırıb. Məhz bu bağı yaradıb, ona görə tarixi qəzet olub. “SƏS”in danılmaz həqiqət payı budur ki, qəzet yarandığı gündən Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı çətin, ağır və yorulmaz fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetimiz 1991-93-cü illər saylarında Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Həmçinin, Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edilərək, ölkə ictimaiyyətinə çatdırılıb. Bütün bu reallıqlar isə, əlbəttə ki, asan başa gəlməyib. Belə ki, qəzet fəaliyyətə başladığı dövrdə dövlətçilik uğrunda çox böyük, hətta orada çalışan jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü...”
B.Quliyev xatırlatdı ki, məhz ona görə müxtəlif tədbirlərdə ulu öndər çıxışlarında “SƏS”in tarixi bir qəzet olduğunu, tarixi missiyanı yerinə yetirdiyini, cəsarətli, mövqeli, əqidəli, özünün ən çox sevdiyi qəzet olduğunu vurğulayıb. “Bu missiyası, bu fəaliyyəti ilə “SƏS” qəzeti tarix yazıb, tarixə düşüb. Bu gün də deyim ki, “SƏS” qəzetində 32 il çalışan əməkdaşlar var. Baxın görün “SƏS” jurnalistikada necə gözəl ənənə, məktəb yaradıb. “SƏS” məktəbini keçənlər bu gün respublikanın müxtəlif idarə və qurumlarında, o cümlədən də mətbuat sahəsində fəaliyyətlərini davam etdirirlər. Bu, “SƏS” üçün çox qürurverici haldır ki, o həm də məktəb rolu oynayıb. “SƏS” sağlam, qərəzsiz, əqidəli bir məktəb yaradıb. Bu gün “SƏS” qəzeti qlobal dünyanın çağırışlarına cavab verən mətbuat orqanıdır. Qeyd edim ki, qəzetimizin 32 illik yaşı ilə yanaşı "SƏS" İnternet Televiziyasının (sestv.az) da 12 yaşı tamam olur. Belə ki, “SƏS” Media Qrupunun tərkibində 2011-ci ildə yaranan televiziya tezliklə öz ətrafında çox böyük izləyici auditoriyası toplayıb. Bu yeniliklərin hər biri isə bilavasitə tarixi “SƏS” qəzetinin qlobal dünyanın çağırışlarına qoşulmasının göstəricisidir. Bax, bütün bu həqiqətlər bizlər üçün böyük şərəf, tükənməz fərəh hissləri olmaqla yanaşı, həmçinin mövcud fəaliyyətimizin də stimullaşdırıcısıdır”.
İradə SARIYEVA P.S. “Bakı-Xəbər” olaraq, “SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev başda olmaqla “SƏS” ailəsini 32 illik yubileyləri münasibətilə ürəkdən təbrik edirik.