Azərbaycanla sülh müqaviləsinin imzalanmasının ləngiməsinin Ermənistana çox baha başa gələcəyinə dair elə bu ölkənin özündə də edilən xəbərdarlıqların sayı artır. Bundan nəticə çıxarmaq əvəzinə mövcud Ermənistan hakimiyyəti Azərbaycanla, belə demək olarsa, indi yarımçıq sülh müqaviləsindən bəhs etməyə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı da bunun təsdiqidir.
Paşinyan bildirir ki, sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür: “Bunun üçün İrəvan Ermənistan-Azərbaycan sərhədinin hərbsizləşdirilməsinin, qoşunların qarşılıqlı çıxarılmasından başlamağın və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır. Sonra sərhədçiləri yerləşdiririk və beləliklə bu məsələ bir müddət bağlanır. Sonra çərçivə sənədini imzalayırıq və delimitasiyaya başlayırıq ki, bu da bir ildən çox davam edə bilər”. Qeyd edək ki, hələ bir neçə ay əvvəl Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub. Onların qəbulu ilə yekun sülh müqaviləsinin imzalanması mümkündür. Yəni bu halda artıq yarımçıq sülh müqaviləsi imzalanmayacaq. Ölkəmizin Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində İrəvan tərəfindən buna qarşılıq verilməyib. Əvəzində sülhü əngəlləyən mövqe sərgiləyir. Azərbaycan Prezidenti İlham Əliyev də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bu barədə mühüm açıqlamalar verib: “Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Bu mümkün deyil. Biz buna razılıq verməyəcəyik. ABŞ dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.
Elə Ermənistanın “Zham.am” nəşri də yazır ki, İrəvan Bakının xəbərdarlığını gözardı etməməlidir. Nəşr bildiir ki, İrəvan yenə müxtəlif güclərin əlində alət olmaqla Ermənistanın öz təhlükəziliyini zərbə altına atır: “Bu, Fransa nümunəsində özünü göstərdi. Fransa Senatının məlum qərarının azərbaycanlıların xoşuna gəlmədiyini başa düşmək olar. Bu qərarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının açıqlama verməsi də başadüşüləndir. Amma Azərbaycan sülh sazişi bağlanana qədər daha böyük nailiyyətlər əldə edə bilər. Bakı ekspertlərinin fikrincə, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanda artıq keçmiş ordu yoxdur, onun səyləri nəticəsində nəinki Ermənistan ordusu dağılıb, hətta erməni cəmiyyəti də parçalanıb. Paşinyan öz işini görüb, amma İran və Rusiya tam qələbə üçün Azərbaycana maneçilik törədirlər. Azərbaycan ekspertlərinin fikrincə, Bakının Ermənistanla sülh müqaviləsini həyata keçirməyə tələsməsinin mənası yoxdur, çünki yaxın gələcəkdə regionda qüvvələr balansının necə dəyişə biləcəyi bəlli deyil. Məsələn, azərbaycanlı ekspertlər qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsinin hansı inkişafa səbəb ola biləcəyini söyləmək çətindir. İstisna deyil ki, Rusiya prezidenti Vladimir Putin həmin müharibədə uduzacaq, nəticədə Rusiyada 1917-ci ildə olduğu kimi inqilabi xaos yarana və bu halda Azərbaycan bir anda bütün Ermənistanı tuta bilər. Bu xaos Rusiyada olmaya bilər, amma, məsələn, İranda oxşar vəziyyət yarana bilər. Bu halda, eyni ekspertlərin fikrincə, Azərbaycan Qərbi Zəngəzuru tuta bilər, onlar Süniki belə adlandırırlar”. Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan da məsələyə eyni prizmadan yanaşır. O qeyd edir ki, müharibə olsa, Ermənistan tək qalacaq: “Fransa prezidenti Makron ermənilərin yanındadır və Azərbaycanın fəaliyyətini pisləyir, İstanbulda baş verən terror aktı ilə bağlı isə türklərə türkcə başsağlığı verir. Burada müasir texnologiyanın tətbiqi var. Əmin olun ki, sabah Ermənistana və ya Qarabağa genişmiqyaslı hücum olarsa, Makron artıq Ermənistanı ermənicə dəstəkləyəcək (buna qədər Aİ-nin müşahidə missiyasının nümayəndələri öz ölkələrinin səfirlikləri tərəfindən xəbərdarlıq edilərək hadisə yerindən uzaqlaşacaqlar). Makron və Qərb bundan artığını etməyəcək, çünki onlar qarşılarına belə vəzifə qoymayıblar, belə bir istəkləri yoxdur və edə bilməzlər. Qərb ermənilərin təhlükəsizliyini “Twitter” qeydləri ilə təmin edəcək... Artıq yox”. Məhz bu şəraitdə Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitsə, daha böyük problemlər yaşayacaq. Azərbaycan artıq öz xəbərdarlığını edib.
Samirə SƏFƏROVA